Dekabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tədbirdə çıxış edən Ceyhun Bayramov dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, Təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini vurğulayıb, bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyini diqqətə çatdırıb.
Nazir Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran Ceyhun Bayramov, ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Xüsusilə region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə olunmasının, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb.
Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil olunmasının nəzərdə tutulduğu bildirilib.
Postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edən nazir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsinin sülh prosesi gedişatında vacib inkişaflardan biri olduğunu diqqətə çatdırıb. Ölkəmizin bərpa-quruculuq və sülh səyləri barədə geniş məlumat verilib.
Görüş zamanı, həmçinin 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub.