Home Gündəm Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

91
0
SHARE

Dekabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Əvvəlcə Əli Əsədov və digər nümayəndə heyətlərinin rəhbərləri “Rusiya” beynəlxalq sərgi-forumuna baxış keçiriblər.

Azərbaycanın Baş naziri iclasda çıxış edərək 2024-cü ildə MDB-yə sədrliyin həyata keçirilməsində Rusiyaya uğurlar arzulayıb, cari ildə uğurlu sədrliyə görə Qırğızıstanı təbrik edib.

MDB-nin iştirakçı dövlətlər arasında bir çox sahələrdə mühüm dialoq və qarşılıqlı fəaliyyət platforması olduğunu vurğulayan Baş nazir Azərbaycanın MDB formatında uğurlu qarşılıqlı fəaliyyətin zəmanəti olan ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Əli Əsədov diqqətə çatdırıb ki, hökumətlərarası səviyyədə müntəzəm təmaslar ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar dialoq aparmağa, həmçinin müxtəlif çağırışlara və risklərə vaxtında cavab verməyə imkan verir.

Bugünkü iclasın da qarşılıqlı maraq doğuran məsələlər üzrə bir daha fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu deyən Azərbaycanın Baş naziri qeyd edib: “Sevindirici haldır ki, bu gün bizim gündəliyimiz mədəniyyət mövzusuna həsr olunub. Ölkələrimiz mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdir. Hər il MDB çərçivəsində mədəniyyət paytaxtlarının və tematik humanitar illərin elan edilməsi Birlik ölkələrinin humanitar qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verir. Fürsətdən istifadə edərək, cari ildə Mədəniyyət paytaxtı statusunda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin MDB ölkələrinin mədəniyyətlərarası dialoqunun inkişafına verdiyi töhfəni xüsusi qeyd etmək istəyirəm. Həmçinin Səmərqənd şəhərinin 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Özbəkistan Respublikasını təbrik edirəm”.

Azərbaycanın MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verdiyini vurğulayan Əli Əsədov bildirib: “Ölkəmizdə müntəzəm olaraq bu sahədə incəsənət, mədəniyyət, elm, təhsil xadimlərini bir araya gətirən müxtəlif tədbirlər keçirilir. Azərbaycan artıq bu cür tədbirlərin keçirilməsinin ənənəvi məkanına çevrilib. Əlbəttə, bütün bunlar coğrafi, tarixi və mədəni köklərə, Azərbaycan xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə əsaslanır. Azərbaycan Respublikası çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Bütün millətlərin və dinlərin nümayəndələri əsrlərdir ki, ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində yaşayırlar. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu vətəndaşlarımızdır. Biz bu gün bu faktı bu yüksək kürsüdən bir daha bəyan edirik.

Ölkəmiz çoxsaylı beynəlxalq platformalar vasitəsilə millətlərarası dialoqu fəal şəkildə təşviq edir. İdman sahəsində qarşılıqlı fəaliyyət də humanitar əlaqələrin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir. İdman yarışları sırf idman xarakteri daşısalar da, eyni zamanda, millətlərarası dialoqun möhkəmləndirilməsinə və xalqlar arasında etimad və qarşılıqlı anlaşma ab-havasının yaradılmasına xidmət edir. Biz 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək III MDB ölkələri Oyunlarına məhz bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə də MDB çərçivəsində humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək”.

Baş nazir diqqətə çatdırıb ki, iqtisadi-ticari sahə ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir. Keçən il Azərbaycanın Birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet layihələr olacağı nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. Azərbaycan MDB üzrə bir çox tərəfdaşlarımızın fəal istifadə etdikləri nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsini davam etdirir. Biz, həmçinin yuxarıda göstərilən dəhlizlərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün Birlik çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk.

Çıxışında Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyətini bir daha ifadə edən Əli Əsədov bildirib: “Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə mühüm hesab edirik. Yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış ümidləri bəxş edəcək”.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçılarının mədəni-humanitar əməkdaşlığın perspektivlərinə dair Bəyanatı imzalanıb.