Home Gündəm ATƏT-in nümayəndələri Milli Məclisdə olublar

ATƏT-in nümayəndələri Milli Məclisdə olublar

95
0
SHARE

Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Əli Hüseynli ölkəmizdəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib. O qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.

Ölkəmizin ATƏT DTİHB ilə əməkdaşlıq əlaqələrindən danışan Ə.Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanda Seçki Məcəlləsi 20 ildən artıqdır qəbul edilib. Ötən illər ərzində bu Məcəllə daha da təkmilləşdirilib, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. O bildirib ki, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Görüş üçün minnətdarlığını ifadə edən DTİHB EQM-in nümayəndəsi Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.

Sonra Milli Məclis sədrinin birinci müavini seçki prosesi və qanunvericiliklə bağlı DTİHB EQM-in nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirib.

*****

Həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri də Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüblər.

Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri çıxış edərək bildiriblər ki, gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutacaq.

Qeyd olunub ki, görüşdə iştirak edən partiya sədrləri – Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Razi Nurullayevin namizədlikləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etmək üçün irəli sürülüb.

DTİHB EQM-in nümayəndələrinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı suallarını cavablandıran deputatlar, seçkilərin elan olunmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildiriblər, seçki prosesinə hazırlıq, təbliğat və təşviqat kampaniyası, namizədlərin qeydiyyatı barədə məlumat veriblər, həmçinin azad olunmuş əraziləri əhatə edən seçki dairəsi və məntəqələrin yaradıldığını diqqətə çatdırıblar.

Görüşün sonunda Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə baş tutacağına əminliyini ifadə edib.