Home Gündəm XİN: Niderland tərəfini bölgənin gələcək inkişafına maneçilik törədən bəyanatlar verməyə son qoymağa...

XİN: Niderland tərəfini bölgənin gələcək inkişafına maneçilik törədən bəyanatlar verməyə son qoymağa çağırırıq

78
0
SHARE

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun parlamentdə səsləndirdiyi fikirlərlə bağlı yerli medianın sualını cavablandırıb.

TAN.AZ xəbər verir ki, XİN-in mətbuat katibi yerli medianın naziri Hanke Bruins Slotunun son dövrlərdə Azərbaycan tərəfindən verilən ictimai bəyanatların narahatlıq doğurması, ölkəmizi sanksiya ilə hədələməsi və Azərbaycan-Ermənistan normallaşma prosesi barədə bir sıra mənfi fikirləri ilə bağlı sualına cavabında deyib: “Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.

Təəssüf ki, Niderland rəsmisi parlament nümayəndələrinin sorğusuna cavab olaraq növbəti dəfə ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlərin səsləndirilməsi ilk dəfə deyil. Bu açıqlamalar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə postmünaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir.

Belə bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir.

Niderlandın xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya ölkəmizin daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib.

Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına maneçilik törədən belə bəyanatlara son qoymağa çağırırıq”.