Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin fevralın 15-də keçirilən iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır.
TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda, həmçinin vurğulanıb: “İlk növbədə, qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. Fevralın 12-də Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı.
Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.
Həmçinin 1991-ci ilin sərhədləri və Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədlərin qəbulundan imtina etdiyinə, Azərbaycan ərazilərini işğala məruz qoymasına izahat verməsi yaxşı olardı.
Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.
Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir”.