Home Gündəm XİN rəhbəri: Ermənistanın 4 Azərbaycan kəndini qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici...

XİN rəhbəri: Ermənistanın 4 Azərbaycan kəndini qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir

54
0
SHARE

Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir.

TAN.AZ xəbər verir ki, bunu aprelin 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Çıxışında, nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.

Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində yeni imkanların yarandığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin birbaşa ikitərəfli əsasda irəlilədilməsində, habelə bu prosesə kənar müdaxilələrin qarşısının alınmasında qərarlı olduğu bildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasının sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu bildirilib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra, nazir Ceyhun Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.