Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Sergey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.
İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inkişafında müstəsna rolundan bəhs edən nazir Ceyhun Bayramov, Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib.
Mövcud strateji tərəfdaşlıq xarakterli ikitərəfli münasibətlərin regional və beynəlxalq çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT və MDB çərçivəsində uğurla davam etdirildiyi bildirilib.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı məlumatlandırılıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, bu çərçivədə aparılan danışıqlar prosesi və görülən təşkilati tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov, sədrliyimiz müddətində tərəfdaşlarımızın dəstək və aktiv iştirakçılığına əhəmiyyət verdiyimizi diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
13:25
Azərbaycan və Belarus xarici işlər nazirlərinin geniştrəkibli görüşü keçirilib.
TAN.AZ xəbər verir ki bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Respublikasının xarici işlər naziri Bayramov Ceyhun və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə etmək üçün geniş tərkibdə görüşüblər. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi təşəbbüsləri, münaqişədən sonrakı regional vəziyyət, həmçinin Azərbaycanın COP29-a sədrliyi barədə fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunub.
***
12:33
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Sergey Aleyniklə görüşü keçirilir.
TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında təkbətək formatda keçirilən görüş Belarus XİN rəhbərinin Azərbaycan səfəri çərçivəsində baş tutub.