Home Gündəm XİN: Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir

XİN: Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir

114
0
SHARE

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Teo Klerkə qarşı guya ayrı-seçkilik edilərək onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı, özünü “hüquqi dövlət” adlandıran Fransanın bununla Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur.

TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məsələ ilə bağlı açıqlamasında bildirib.

XİN rəsmisinin sözlərinə görə, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşına, həmçinin digər şəxslərlə bağlı verilən hökm məhkəmənin səlahiyyətindədir və Fransa tərəfinin bu qərarı sual altına almağa ixtiyarı yoxdur. “Fransa vətəndaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona cərimə tətbiq olunub. Ümumilikdə istintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib. Həmçinin məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi də məlum olub. Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycan Respublikasında bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı Teo Klerkin məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmamasını onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq mümkündür”, – deyə o əlavə edib.

A.Hacızadə deyib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquq pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyətləri hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.