Oktyabrın 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
TAN.AZ xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərin müzakirəsi keçirilib. Çıxışlarda bildirilib ki, Azərbaycanın Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində qazandığı Qələbə və suverenliyimizin tam bərpasından sonra düşmən xalqımıza qarşı mina terrorunu və informasiya müharibəsini bu gün də davam etdirir. Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş azərbaycanlıların öz doğma evlərinə qayıtmasına razılıq vermirlər. Vurğulanıb ki, belə həlledici məqamda Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Qərbi Azərbaycan İcmasına gəlişi və orada etdiyi tarixi çıxış soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mübarizəsində yeni səhifə açıb. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi və insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunması təmin edilib.
Sonra gündəlikdəki 19 məsələnin müzakirəsinə başlanılıb. İlk 5 məsələ üçüncü oxunuşda qanun layihələri olub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Turizm haqqında”, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim ediblər. Kamal Cəfərov, həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
Müzakirələrdən sonra hər beş qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Növbəti iki məsələ – “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyıb, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilib.
Sonra birinci oxunuşda olan 12 məsələ müzakirəyə çıxarılıb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında”, Kamal Cəfərov “Yol hərəkəti haqqında”, Azər Əmiraslanov “Qrant haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında”, İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov “Arbitraj haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat veriblər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini isə Arzu Nağıyev təqdim edib.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Gündəliyin növbəti məsələsi olan “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib.
Sonra gündəliyin 17-ci məsələsi olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Arzu Nağıyev təqdim edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə danışıb.
Gündəliyin sonuncu – 19-cu məsələsi olan “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
Müzakirələrdən sonra qanun layihələrinin hər biri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin Aparatı tərəfindən hazırlanan “Gündəlik” adlı mobil tətbiq barədə məlumat verilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.