Home Cəmiyyət Könül Nurullayeva: Təhsil sistemində qaydalar dəyişsə də prioritetlər dəyişməyib

Könül Nurullayeva: Təhsil sistemində qaydalar dəyişsə də prioritetlər dəyişməyib

638
0
SHARE

Yeni tədris ilinin yeni formatda təşkil edilməsinin əsas məqsədi şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı COVİD-19 virusundan qorumaqdır. Bu barədə dövlət başçımızın Bilik Günü ilə bağlı müraciətində də qeyd olunub. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi, yeni təhsil müəssisələrinin inşası və ya təmiri davam etdirildi. Bu prosesdə əsas dəstəkçilərdən biri regionun ən nüfuzlu və ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, 2020-ci il də 147 məktəbin tikintisi nəzərdə tutulur ki, onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib:

“Heydər Əliyev Fondunun 2005-ci ildən reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində bütövlükdə ölkə ərazisində təhsil müəssisələri keyfiyyət standartlatına uyğun şəkildə təkmilləşdirilib. Fondun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir. Belə ki, 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni məktəb və məktəbəqədər təhsil müəssisələri inşa olunub və əsaslı təmir edilib.

Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsil sahəsini prioritet kimi diqqətdə saxlayır, müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir. Ümumiyyətlə, son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Eyni zamanda ali məktəblərin əsaslı bərpa olunması, yeni korpusların tikintisi də davam etdirilir. Bir sözlə, son illərdə təhsilin maddi-texniki bazası möhkəmlənib və təbii ki, təhsilin keyfiyyətini də bu dinamikaya uyğunlaşdırmaq başlıca şərtdir. “Qara qızıl”ı insan kapitalına çevirmək əsas inkişaf strategiyalarından biridir. Prezident İlham Əliyevin Bilik Günü ilə bağlı müraciətində də qeyd olunduğu kimi, dünyada qloballaşma adı altında gənclərin beyinlərinin yuyulması kimi təhlükəli tendensiya müşahidə olunmaqdadır. Bu cür təhlükələrin qarşısını təbii ki, düzgün və fundamental təhsil, maariflənmə sayəsində almaq mümkündür. Təcrübə göstərir ki, intellekt, milli-mənəvi dəyərlərə sadiqlik sağlam yanaşma və düzgün qərarların qarantıdır. Təhsilin dövlət siyasətinin əsas prioriteti kimi inkişafında da məqsəd Azəbaycan gənclərinin milli-mənəvi dəyərlərə sadiq, intellektual vətəndaş kimi formalaşmasını təmin etməkdir”.