Home Manşet “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı – Rauf...

“Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı – Rauf Əliyev

294
0
SHARE

26 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş – tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanıb.Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarmaq üçün öz ideyalarını həyata keçirməyə başladı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, bu müqavilənin bağlanması ilə müstəqil dövlətimizin neft strategiyası və doktirinasının əsası qoyuldu:

“Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. 20 sentyabr günü eyni zamanda ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.

Müqavilənin hazırlanmasının ilk günlərindən o vaxtlar ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin üzvü İlham Əliyev danışıqlar prosesinə cəlb olundu, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur – “Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətin həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Onun sözlərinə görə, “Əsrin müqaviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı:

“Birinci növbədə, 1995-ci ildə ilkin neft hasilatı çərçivəsində Çıraq-1 özülü dünya standartlarına uyğun olaraq bərpa edildi. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1997-ci ildə simal istiqamətində Bakı-Novorossiysk neft kəməri bərpa və inşa edildi. 1999-cu ildə Qərb istiqamətində Bakı-Supsa neft boru kəməri istifadəyə verildi. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açlış mərasimi keçirilmişdi. Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin genişləndirilməsinə təkan vermiş, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. Daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir.

Neft və qazdan əldə olunan gəlirlərin bir hissəsi nəqliyyat sektoruna yönəlmişdir. Bu da Azərbaycanın bu bölgədə, Avrasiya məkanında çox strateji nəqliyyat mərkəzinə çevirilməsinə şərait yaratdı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması əldə olunan uğurlardandır.

“Əsrin müqaviləsi” Azərbaycana aşağıda göstərilənləri əldə etməyə imkan yaratdı:

1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı.

Müqavilə uzunmüddətli yatrımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühütinin qorunmasında maraqlı idilər.

Bütün aparıcı beynəlxalq sərmayədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi.

Bu müqavilə yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi.

Müqavilə maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı.

Müqavilənin şərtləri imkan verir ki, Azərbaycan bu layihədə iştirak edən xarici şirkətlərdən daha çox gəlir əldə etsin. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər yerli kadrlara neft mühəndisliyi sahəsində son dərəcə yeni, təkmil, qabaqcıl biliklər və təcrübə verdi.

“Əsrin müqaviləsi” ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq”.

R.Əliyev qeyd edib ki, bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək saziş imzalanmasına yol açdı:

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nefr strategiyası uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır.

2017-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilmiş və yanidən tərtib olunmuş Sazişin imzalanma mərasimi keçirilmişdir.

“Əsrin müqaviləsi” nin müddəti 2050-ci ilə kimi uzadılmışdır. Bu çox böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, maliyyə imkanlarının genişlənməsi nöqteyi-nəzərindən bu Sazişin çox böyük əhəmiyyəti vardır. Müqavilənin müddətinin uzadılması onu göstərir ki, xarici dövlətlər və şirkətlər Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu bir daha sübut edir ki Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür.

29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə daha bir mühüm layihənin – “Cənub Qaz Dəhlizi“nin açılış mərasimi keçirilmişdir. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulmuşdur və qoyulacaqdır. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizin beynəlxalq nüfuzunu artırır, ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirir. Bu layihələrin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihələrin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

“Əsrin müqaviləsi” nin 26 illiyi və 20 sentyabr Neftçilər Günü münasibəti ilə Azərbaycan neftçilərini təbrik edir, onlara çətin, eyni zamanda, çox şərəfli vəzifələrinin yerinə yetirilməsində yeni-yeni uğurlar arzu edirəm”.