Neft və qaz bəzən heç də xoşbəxtlik, firavanlıq və inkişaf gətirmir. Qanlı toqquşmalar, xaos, anarxiya, vətəndaş müharibələri, bir sözlə bədbəxtlik. Azərbaycan nefti və qazı isə artıq 25 ildən çoxdur ki, ölkəyə yüksəliş, qüdrət, rifah və sabitlik bəxş edib. Səbəb aydındır: Düşünülmüş, qətiyyətli, milli maraqlara hesablanmış strategiya.
Əgər, Azərbaycanın neft strategiyasının əsasını 1994-cü ildə ümummili lider Heydər Əliyev qoymuşdusa, sonrakı illərdə bu siyasəti uğurla və xüsusi ustalıqla davam etdirən Prezident İlham Əliyev təbii sərvətlərimizi dövlətimizin qüdrətlənməsinə, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsinə yönəltdi. İlham Əliyev neft və qazdan gələn gəlirləri düzgün istiqamətə sərf etdi və biz bu gün cəmiyyət həyatının bütün sahələrində bu mükəmməl siyasətin uğurlu nəticələrini aydın görə bilirik.
Xüsusilə də son 17 il müasir Azərbaycan tarixində möhtəşəm dövr kimi yadda qalıb. Heç vaxt olmadığı kimi müstəqil, güclü və qüdrətli Azərbaycan qurulub. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən bu günə kimi qara qızılı insan kapitalına yönəltmək barədə verdiyi vədə sadiq qalıb. Neft və qaz qazancları ilk növbədə Azərbaycan vətəndaşlarının sosial rifahnı təmin edib. Ölkədə güclü və dayanıqlı milli iqtisadiyyat qurulub. Elə bir iqtisadi model ki, bu gün dünyada baş verən dərin böhranın mənfi təsirləri qarşısında əzmlə duruş gətirə bilir. Azərbaycan heç bir xarici yardım, maliyyə dəstəyi olmadan öz ayaqları üstündə sərbəst dayanmağı bacarır.
Bu illər ərzində təbii ehtiyyatlarımız hesabına ölkənin siması başdan-başa dəyişib, şəhər və rayonlarımız inanılmaz dərəcədə yeniləşib, müasirləşib. Azərbaycanın istənilən bölgəsində müasir infrastruktur layihələri reallaşdırılıb. Saysız-hesabsız istehsal müəssisələri, zavod və fabriklər, sosial obyektlər, orta məktəb binları, xəstəxanalar, elektrik stansiyaları tikilərək istifadəyə verilib, əhalinin davamlı su və qazla təminatı üçün müasir layilər icra edilib. Min kilometrlərlə yeni və keyfiyyətli yollar çəkilib. Hətta ən ucqar dağ kəndlərində belə müasir yollar inşa edilib. İnsanların rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bütün bu uğurlar dünyanın nüfuzlu maliyyə qurumları və tanınmış reytinq agentliklərinin də diqqətindən yayınmır. Beynəlxalq rəy soruğularının nəticələrinə görə, Azərbaycan iqtisadi inkişaf, genişmiqyaslı islahatlar, əlverişli biznes mühiti, müasir yollar, insanların elektrik əlçatanlığı və digər sahələr üzrə dünyada ilk yerlərdə qərarlaşır.
Ötən dövr ərzində Prezident İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarını, artan büdcə vəsaitlərini paralel olaraq müasir və güclü ordu quruculuğuna istiqamətləndirib. Bu gün ordumuz Cənubu Qafqazın birinci, dünyanın isə əlli ən güclü ordusu sırasında yer alır. Hərbi məqsədlərlə yanaşı təhsil sahəsinə də büdcədən böyük vəsaitlər ayrılır. Gənc nəslin müasir təhsil alması üçün yüksək məbləğlərdə yatırımlar edilir. Ölkənin təhsil infrastrukturu tamamilə yenilənir. Bütün bunlar Azərbaycanın gələcəyinə qoyulan investisiyadır.
Əlbəttə ki, Azərbaycan xalqının layiqli həyat şəraitinin təmin edilməsi, vətəndaşların sosial təminatı da həmişə İlham Əliyev üçün prioritet olub. Dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanıb. Prezident İlham Əliyevin ard-arda elan etdiyi sosial paketlər, minimum əmək haqqının, pensiya və təqaüdlərin, məvaciblərin və digər sosial ödəmələrin bir neçə dəfə artırılması deyilənlərə əyani sübutdur. Məcburi köçkünlərin, müharibə veteranları və əlillərinin, şəhid ailələrinin sosial təminatı, bu kateqoriyadan olan insanların müasir mənzillərlə, yeni avtomobillərlə təmin edilməsi də neft və qaz gəlirlərinin birbaşa vətəndaş rifahına xidmət etməsinin göstəricisidir.
Koronavirus pandemiyası dövründə də biz Azərbaycan dövlətinin sosial siyasətinin, humanizm və insanpərvər mahiyyətinin, insan amilinə necə böyük önəm verməsinin növbəti dəfə şahidi olduq. Prezident İlham Əliyev pandemiyanın ilk günlərindən insan həyatının və vətəndaşların sağlamlığının hər şeydən qiymətli olduğunu bildirdi. İqtisadi geriləməyə rəğmən dövlətin bütün maliyyə imkanları koronavirusla mübarizəyə yönəldi. Yeni pandemiya xəstəxanaları, çoxsaylı modul tipli tibb ocaqları tikilərək istifadəyə verildi. Tibbi maska və kombinezon, spirt və digər qoyuyucu vasitələr istehsal edən müəssisələr yaradıldı. Özü də çox tez bir müddətdə. Bir sözlə, dövlət bütün gücünü ortaya qoydu və yüz minlərlə insanın həyatı xilas edildi. Azərbaycan Prezidenti büdcə vəsaitlərini vətəndaşlardan əsirgəmədi. Çünki, dövlət büdcəsi sosialyönümlüdür. Daha çox neft və qaz gəlirləri hesabına ildən-ilə artan büdcənin idarə edilməsində ön planda ilk növbədə insan amili, vətəndaş rifahı dayanır.
Bu gün ölkə iqtisadiyyatının əsas hissəsini neft və qaz sektoru təşkil edir və bu qarşıdakı illərdə də belə olacaq. Prezident İlham Əliyevin düzgün neft və qaz strategiyası, bu sektrorda reallaşdırılan yeni nəhəng layihələr gələcəyə böyük ümidlər yaradır. Bu günlərdə dövlət başçısının Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlini qoyması, təxminən bir ay əvvəl isə “Qarabağ” yatağının dayaq blokunu dənizə yola salması bu baxımdan çox böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev təbii sərvətlərimizi Azərbaycanın xoşbəxtlik, inkişaf, tərəqqi və qüdrət mənbəyinə çevirib. Azərbaycan dünyada əvəzedilməz tərəfdaş, bölgədə yeganə güc sahibidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhvələr verir, Avropanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycan tərəfdaşları üçün etibarlı neft-qaz təchizatçısıdır və bu siyasət gələcəkdə də uğurla davam etdiriləcək. Ölkəmiz həmçinin nəqliyyat və yükdaşıma mərkəzinə, tranzit dəhlizinə çevrilib. Əgər biz vaxtilə elektrik enerjisini xaricdən alırdıqsa, bu gün xaricə enerji ixrac edirik. Saymaqla bitməyən bütün bu möhtəşəm layihələr sözsüz ki, Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, ölkəmizin müstəqilliyinə, təhlükəsizliyinə və rifahına, gələcək nəsillərin xoşbəxtliyinə xidmət edir.
Sahil Kərimli, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini