Home Manşet Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır – FAKTLAR

Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır – FAKTLAR

357
0
SHARE

Ermənistanda orta məktəb dərslikləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanıb tədris müəssisələrində yayılması Ermənistanın Təhsil Nazirliyi (hal-hazırda Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi adlanır) tərəfindən təşkil olunur.

Ermənistanın Təhsil haqqında Qanununa əsasən Təhsil Nazirliyi orta məktəblər üçün nəzərdə tutulan dərsliklərin siyahısını təsdiq edir. Siyahı isə Təhsil Nazirliyinin müvafiq institutu tərəfindən tərtib olunur. Məsələn, qeyd edək ki, internetdə Ermənistanın təhsil nazirinin N 799-A/2 nömrəli 20.07.2017 tarixli əmri ilə təsdiq olunmuş siyahını tapmaq olar. Belə siyahılar ondan xəbər verir ki, dərsliklər və onların məzmunu rəsmi dövlət strukturu ilə razılaşdırıldığı üçün ən azından Ermənistanın rəsmi siyasi mövqeyini və ideologiyasını əks etdirir.

Məlum olduğu kimi ermənilərin Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi ilə azərbaycanlıların öz ərazilərindən sıxışdırılması, qovulması və bu ərazilərimizin hissə-hissə itirilməsinə, eləcə də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə səbəb olaraq xalqımızı ağır müsibətlərə düçar etmişdir. Bu hadisələr XIX ərsin əvvəllərində, yəni 1813-ci il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasından sonra başlamışdır. Bu dövr isə Ermənistan orta məktəblərində əsasən 8 və 9-cu sinif tarix dərsliklərində əks olunmuşdur. Buna görə də yuxarıda göstərilmiş əmr ilə təsdiq olunmuş 8-ci və 9-cu sinif tarix dərsliklərinin Azərbaycana qarşı münasibətdə nədən bəhs etdiyini aydınlaşdırmaq xüsusi maraq kəsb edir.

8-ci sinif Erməni tarixi (Aşot Melkonyan, Aram Simonyan, Aram Nazaryan, Akob Muradyan, Yerevan, Zangak nəşriyyatı 2013-cü il) XVII əsrin ortaları-1918-ci ilin mayınadək dövrü əhatə edir.

9-cu sinif Erməni tarixi (Vladimir Barxudaryan, Ararat Hakobyan, Hamlet Harutyunyan,Vladimir Ghazaxetsyan, Edvard Minasyan, Edvard Melkonyan, Manmar nəşriyyatı, 2014-cü il) 1918-ci ilin may ayı- 2000-ci illəri əhatə edir.

Ümumiyyətlə, bu müəlliflərin hazırladıqları dərsliklər uzun illərdir ki, Ermənistanda geniş istifadə olunur. Bu dərsliklərin zaman-zaman təkrar nəşrinə baxmayaraq, məzmun baxımdan ciddi dəyişikliklərə məruz qalmırlar.

Əlbəttə, erməni tərəfinin tarixi saxtalaşdırmaq və miflər yaratmaq sahəsində qeyri-adi istedadını nəzərə aldıqda hər iki kitabda tarixi uydurmaların yer alması təəccüb doğurmur. Halbuki, tarixi həqiqətlərin gizlədilməsi və ya qəsdən təhrif edilməsi səbəbindən bu iki dərslikdə uyğunsuzluq və məntiqsizliyin yer almasını qaçılmaz edir. Bu kimi məsələlərin ayrı bir yazının mövzusu olduğunu bilərək, dərsliklərdəki aşağıdakı bir neçə məqama diqqəti yetirmək istərdik:

“8-ci sinif dərsliyinin giriş hissəsində müəlliflər 17-ci əsrdə ermənilərin İran (qeyd: dərslikdə Səfəvilər dövləti sözü istifadə edilmir) və Osmanlı dövlətləri çərçivəsində yaşamalarını müsəlmanların əsarətində qalmaq kimi dəyərləndirərək bundan yalnız xristianlar vasitəsilə çıxıb öz dövlətçiliklərini bərpa edə biləcəklərini izah edirlər. Bununla bağlı, “xristian Avropanın” yardımını almaq üçün İsrael Orinin fəaliyyətinə istinad edirlər. Ümumiyyətlə, dərslikdə digər hadisələrin təsviri, o cümlədən erməni kilsəsinin rolu barədə hissələr ermənilərin hələ məktəb dövründən xristian və müsəlman qarşıdurması ruhunda böyüdüldüklərini nümayiş etdirir”.

8-ci sinif dərsliyi elə bir tərzdə tərtib olunub ki, sanki Cənubi Qafqazda XVII-XVIII əsrlərdə gedən proseslərdə tarixi Azərbaycan dövlətləri və onların azərbaycanlı əhalisi mövcud olmayıb. Kitabda Naxçıvan, Qarabağ və digər tarixi ərazilərimiz Şərqi Ermənistan adlandırılan ərazi kimi göstərilir. Qəsdən bu ərazilərdə yaşamış yerli əhalinin müasir azərbaycanlılarla bağlılığı unudulur. Azərbaycan sözünə ümumiyyətlə təsadüf olunmur. 13-16-cı səhifələrdə 1720-ci illərdə Səfəvilər ilə Osmanlı imperiyaları arasında gedən müharibədə, Osmanlı qoşunlarının 1724-cü ildə İrəvanı tutması, Qarabağa və Şuşaya hücumları ilə bağlı hadisələrin təsviri bu ərazilərin yalnız ermənilər tərəfindən məskunlaşdığı təsəvvürünün yaranmasına yönəlib. 29-cu səhifədə artıq Qarabağ xanlığına istinad edilir, lakin Şuşa tarixi erməni şəhəri adlandırılır, ermənilər tərəfindən məskunlaşdığı iddia olunur və bu tarixi şəhərimizdə azərbaycanlılara hər hansı bir formada istinad edilmir. Buna baxmayaraq, XIX əsrə aid hadisələrdə, konkret olaraq, məsələn, 1827-ci ildə Rusiya imperiyası tərəfindən İrəvanın işğalında erməni əsgərlərdən istifadə olunduğu və ermənilərin sevincinə səbəb olduğu göstərilir. Bu hadisənin guya buradan Şah Abbas dövründə “köçürülmüş” ermənilərin həmin ərazilərə qayıdışını təmin etdiyini və beləliklə də Ermənistanda erməni demoqrafik mənzərənin bərpa olunduğu izah edilir.

Tarixin belə təsvir olunması ermənilərin özlərini Cənubi Qafqazın bir çox ərazilərinin yeganə sahibi kimi görməsindən irəli gəlir. Təsadüfi deyil ki, 10-cu sinif “Erməni tarixi” dərsliyində ermənilər “Erməni yaylasının yerli sahibləri və varisləridir” iddiası erməni tarixçilərinin bu “dünyagörüşünü” daha aydın formada nümayiş etdirir (“Erməni tarixi” 10-cu sinif, Aşot Melkonyan, Hayk Avetisyan, Artak Movsisyan, Petros Hovhannisyan, Eduard Danielyan. Zangak 2014, səh 26).

Azərbaycanlılar ifadəsi ötəri olaraq ilk dəfə 1905-ci ildə “erməni-yerli müsəlmanlar (Qafqaz tatarları -indiki azərbaycanlılar) arasında münaqişə” ifadəsilə 104-cü səhifədə daxil edilir. Burada 1905-1906-cı illərdə Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında azərbaycanlıların ermənilər tərəfindən qırılmasını oxuculara xatırlatmaq istərdik (səbəbi bir qədər aşağıda).

Erməni milliyyətçilərinin zaman-zaman terroru mübarizə üsulu seçməsi məlum məsələdir. Lakin 8-ci sinif dərsliyində terrora bəraət qazandırılır və terror aktlarını törədənlər bu mübarizənin qəhrəmanı kimi təqdim olunur. Məsələn, dərslikdə 1905-ci ilin azərbaycanlı-erməni toqquşmalarını yatızdırmaq üçün göndərilmiş general Maqsud Əlixan-Avarskiyinin Daşnaksütyun partiyasının qərarı ilə Dro (Drastamat Martirosoviç Kanayan) və Kamo (Simon Arşakoviç Ter-Petrosyan) tərəfindən öldürülməsi (ailəsinin də olduğu ekipaja bomba atılır) xüsusilə vurğulanır. Burada xatırlatmaq zəruridir ki, Dro İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində Qaregin Njde ilə birlikdə Erməni legionunu yaratmışdır. Yeri gəlmişkən, digər faşist, xüsusilə 1918-ci ildə Zəngəzurda azərbaycanlılara qarşı qətliamlar törətmiş Qaregin Njde Osmanlı türklərinə qarşı “mübarizə” kontekstində qəhrəmanlaşdırılır (səh. 151). 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı toqquşmalarını müəlliflər qısa təsvir etdikdən sonra bu hadisənin ən böyük nəticəsi kimi ermənilərin vacib döyüş təcrübəsi qazanmasını göstərirlər (səhifə 105). Bu, əslində erməni məktəblərində azərbaycanlıların öldürülməsi üzərində döyüş təcrübəsinin qazanılması kimi dəyərlərin aşılanmasından və beləliklə azərbaycanlıların insani dəyərinin aşağılandığından xəbər verir.

9-cu sinif tarix dərsliyində Ermənistan ərazisində 1918-1920-ci illərdə azərbaycanlı əhalinin (türk-tatar sözündən istifadə etməklə) iğtişaşlar törətməkdə ittiham edilərək onların mövcudluğu qeyri-ixtiyarı surətdə etiraf olunur. Lakin azərbaycanlı əhali neqativ tonda təsvir edilir. Belə ki, Türkiyə və Azərbaycanın burada yaşayan “türk tatarlarını” Ermənistana qarşı yönəltdikləri iddia olunur. Azərbaycan “Ermənistanın müstəqilliyinə son qoymaq, onun ərazilərini işğal etmək və Türkiyə ilə birbaşa sərhəd yaratmaq” cəhdlərində ittiham olunur. Guya əsas anti-erməni hərəkatı Vedi, Zəngəzur, Şərur, Naxçıvan, Ərdahan və Sürməlidə baş verir. Azərbaycanlı əhali üsyançı adlandırılaraq erməni əhalisini qırmaqda və terror aktları təşkil etməkdə ittiham edilir. Daha sonra, Ermənistan hökumətinin bu “üsyanı” yatırmasından bəhs olunur. “Üsyanın” yatızdırılması bir tərəfdən Ermənistan dövlətçiliyinin gücləndirilməsinə, digər tərəfdən isə ölkənin erməniləşməsinə səbəb olan bir nəticə kimi dəyərləndirilir (səh. 24).

Burada haşiyə çıxaraq qeyd etmək vacibdir ki, Ermənistan tərəfi öz dərsliklərində indiki Ermənistan ərazisində 1918-ci ildə yaşamış azərbaycanlı əhalinin Ermənistan hökumətinə qarşı “üsyanını” yatızdırmağa haqq qazandırdıqları halda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində zorakı erməni separatçılığına qarşı haqlı etirazını təcavüz və onların öz müqəddəratını təyin etmə hüququnun pozulması kimi qiymətləndirir. Bu isə bir daha Ermənistanın uzun müddətdir davam edən təcavüzkar siyasətini və bununla bağlı hiyləgər təbliğatını ifşa edir.

Həmin dərslikdə Ermənistanın və erməni milliyyətçilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 1980-ci illərin sonundan etibarən fəaliyyəti “Qarabağ Azadlıq Hərəkatı” kimi təsvir olunur (səh. 119). Sonra baş vermiş məlum hadisələr Ermənistanın hazırkı siyasi təbliğatı çərçivəsində təsvir edilir. 1988-ci və 1990-cı illərdə ermənilərin Azərbaycandan “deportasiya”sı haqqında danışılır (səh. 127-128). Dərslikdə bunun ardınca azərbaycanlıların Ermənistandan qovulmasına haqq qazandırılaraq bu proses “emiqrasiya” kimi qələmə verilir. Guya azərbaycanlılara emiqrasiya məqsədilə nəqliyyatla təminat, evlərini satmaq kimi imkanların yaradıldığı iddia olunur.

Həmin dərslikdə müəlliflər Xocalının işğalını əsaslandırmağa cəhd göstərirlər. (səh.169). Bu şəhərin işğalını Azərbaycan tərəfinin ilk ciddi məğlubiyyəti kimi qələmə verirlər, lakin azərbaycanlı mülki şəxslərin soyqırımı barədə heç nə demirlər. Ağdama aparan qondarma “dəhliz” barədə Ermənistanın məlum cəfəngiyyatını təkrarlayırlar. Həmin və ondan sonra gələn hissədə Şuşanın və Kəlbəcərin işğalının əhəmiyyətini təsvir edirlər. Fizuli, Cəbrayıl, Qubadlı, Horadiz və Zəngilan rayonlarımızı “azad” etməkləri, döyüşlərdə Monte Melkonyan kimi terrorçularının öldürülməsi və onların qəhrəmanlığından yazırlar (səh. 172-173).

Dərsliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi fazasını təsvir edən hissəsi faktiki olaraq “Ermənistanın azad olunmuş hissəsində” ikinci erməni dövlətinin yaradılmasını əsas nəticə kimi təqdim edir. Bununla da növbəti dəfə orta sinif şagirdlərinə Azərbaycanın tarixi əraziləri Ermənistan ərazisi kimi təqdim olunur.

Göründüyü kimi, 9-cu sinif dərsliyində digər dərsliklərdə olduğu kimi Ermənistan öz siyasi, ideoloji və təbliğat xəttini – guya ermənilər azərbaycanlıların tarixi ərazilərinin sahibidirlər – davam etdirir. Bunun ardınca Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycan tərəfi “Dağlıq Qarabağ və Ermənistana” təcavüz etməkdə ittiham olunaraq azərbaycanlılar günahkar kimi göstərilir. Ümumilikdə, Ermənistanda tarix dərsliklərinin təhlili onu göstərir ki, bu kitablar azyaşlı ermənilərin şüuruna Azərbaycan xalqının öz tarixi ərazilərində yad olduğunu və bununla da həmin ərazilərdə yaşamaq hüququmuzun olmadığını yeridir. Ermənistan tərəfi azərbaycanlıların bu ərazilərdə yaşamaq hüququnu tapdalamaqla əslində bizim mövcudluğumuzla barışmaq istəmirlər. Bu, özü özlüyündə erməni cəmiyyətində azərbaycanlılara qarşı mövcud olan nifrətin daha da şiddətləndirilməsinin ən bariz nümunəsidir. Məhz belə bir ab-havada erməni dərsliklərində Xocalının işğalı minlərlə insanın faciəsi deyil, sadəcə və soyuqqanlıqla bir şəhərin alınması kimi təqdim olunur.

Hafiz Qasımov,

tarix müəllimi