Home Siyasət Tamam Cəfərova: Prezident İlham Əliyev dünya birliyinə çağırış etdi

Tamam Cəfərova: Prezident İlham Əliyev dünya birliyinə çağırış etdi

765
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında ölkəmizin milli maraqlarını bir daha qətiyyətlə ortaya qoymuş, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırıb. Azərbaycan adından çıxış edərkən Ermənistanın işğalçılıq mahiyyətini faktlarla ifşa etmiş, onun BMT Nizamnaməsini kobud şəkildə pozduğunu, beynəlxalq hüququ heçə saydığını göstərib: “Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Lakin Ermənistan öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq edib. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Bu sözləri Trend-ə açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün statusu alıb. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.

Bütün bunlara baxmayaraq, ATƏT-in Minsk Qrupu da daxil olmaqla, beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz hərəkətlərinə qarşı mövqesizlik nümayiş etdirir, yaxud da, qəbul edilən qərar və qətnamələr sadəcə kağız üzərində qalır. Hamıya bəllidir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan isə hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bütün bunlarla yanaşı, işğalçı tərəf təcavüzkar mövqe nümayiş etdirməkdə davam edir. Belə ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Əlbəttə ki, bütün bu təcavüzkar hərəkətlər düşmənin acizliyinin və məkrli “siyasət”inin göstəricisidir. Hamıya bəllidir ki, Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla müqayisə edilə bilməz.

Deputat həmçinin qeyd edib ki, hazırki vəziyyət onu deməyə əsas verir ki, düşmən əməllərindən geri durmayacaq. Cənab Prezident İlham Əliyev də çıxışında bu məsələyə toxunub. Bildirib ki, “təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.

Sonda millət vəkili vurğuladı ki, cənab Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı orada təmsil olunan dövlətlərin nümayəndələrinə dövlətimizin güclü, prinsipial, qətiyyətli mövqeyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, münaqişənin yalnız işğal altında olan torpaqlarımızın azad olunması ilə həll olunacağını göstərib.