Home Siyasət Vüqar Rəhimzadə: Milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığıdır

Vüqar Rəhimzadə: Milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığıdır

320
0
SHARE

Son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Ölkəmizin iqtisadi imkanları genişlənib, sosial sahədə inqilabi qərarlar qəbul olunub ki, bu da vətəndaşların həyat şəraitimiz əsaslı şəkildə yüksəlməsinə imkan verib.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda siyasi, iqtisadi islahatlar paralel şəkildə aparılır və həm konseptual, həm də struktur xarakteri daşıyır. Əlbəttə ki, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır: “Ötən ildən başlayaraq dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edirdi. Hakimiyyətin hər üç qolunda – qanunvericilik, icra və məhkəmə-hüquq sistemlərində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirirdi. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirmək idi. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində isə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verirdi. Artıq bu gün sözügedən şöbənin səmərəli fəaliyyəti nəticəsində ümummilli məsələlərdə siyasi birlik mühiti formalaşıb. Ölkəmizdə demokratik təsisatlar möhkəmləndirilir, siyasi plüralizm və çoxpartiyalı demokratik siyasi sistem inkişaf etdirilir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb və siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti bərqərar olub. Təsadüfi deyildir ki, 27 sentyabr tarixində Ermənistan hərbi birləşmələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından sonra 51 siyasi partiya orduya və Ali Baş Komandana dəstək bəyanatı imzaladılar”.

Vüqar Rəhimzadə əlavə edib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ilk dəfə olaraq 51 partiya vahid təşəbbüslə çıxış etdi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda titanik fəaliyyətini birmənalı dəstəklədi, dövlətimizin başçısının haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etdi. Bütün bunlar da onu göstərir ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirirlər. Artıq milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığına çevrilib.