Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən “tanınma”sı ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan propaqandasının tərkib hissəsidir.
Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, bunu XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İtaliyanın Milan Şəhər Şurasının ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma rejimi guya ki, tanıması ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.
L.Abdullayeva bildirib ki, burada söhbət Milan şəhərində fəaliyyət göstərən Ermənistan fəxri konsulluğu və Milandakı erməni icmasının təşəbbüsü ilə Şəhər Şurası tərəfindən edilən müraciətdən gedir.
Bu xüsusda bildirmək istərdik ki, İtaliyada hər bir ərazi vahidinin yerli orqanının üzvləri mərkəzi hökumətə istənilən mövzuda müraciətlə çıxış edə bilər. Həmin müraciətlər heç bir hüquqi əsasa malik deyil və hüquqi nəticələr doğurmur. Eyni zamanda, İtaliya Respublikasının heç bir ərazi vahidinin “tanıma” kimi səlahiyyəti yoxdur. Erməni tərəfinin “tanıma” olaraq iddia etdiyi “müraciət” də bu qəbildəndir və heç bir hüquqi təbiətə malik olmamaqla yanaşı, hər hansı hüquqi nəticələr doğurmur.
İtaliya Respublikasının xarici siyasətini mərkəzi Hökumət müəyyənləşdirir. İtaliya Respublikası Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır və bu mövqe 20 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Baş naziri Cüzeppe Konte tərəfindən Roma şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”də öz əksini tapmışdır.
Həmin Birgə Bəyannamədə İtaliya Respublikası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini bir daha təsdiq etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz həmin prinsiplər əsasında həll edilməsini dəstəkləmişdir.