Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birlikdə mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Trend-ə bildirilib ki, 14-15 oktyabr 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 87 mehmanxanada reydlər keçirilib.
Reydlərin keçirildiyi 5 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.
Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib.