Home Cəmiyyət Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir – İcra hakimiyyəti

Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir – İcra hakimiyyəti

308
0
SHARE

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin 5 dəfə terror törətdiyi Gəncə şəhərində vəziyyət stabildir.

Bu barədə Trend-ə Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, hazırda şəhərdə həyat öz axarı ilə davam edir, əhali arasında heç bir ruh düşkünlüyü yoxdur: “Dəfələrlə erməni təcavüzünə məruz qalsa da, əhali Azərbaycan Ordusuna inanır. Əhali anlayır ki Ermənistan döyüş meydanında uduzduğu üçün mülki insanları hədəf alır, terror vasitəsilə Azərbaycana təsir etməyə cəhd edir. Amma Gəncə əhalisi daim Ali Baş Komandanın, Azərbaycan Ordusunun yanındadır. İnanırıq ki, torpaqlarımız tezliklə tam olaraq işğaldan azad olunacaq və ərazi bütövlüyümüz təmin ediləcək. Hazırda şəhər ərazisində vəziyyət tam normaldır, əhali gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində sərnişin marşrutları da fəaliyyətini davam etdirir, evlərini tərk edib başqa ərazilərə köçən yoxdur”.

Məlumatda qeyd edilir ki, ermənilərin atdıqları raketlər nəticəsində evləri dağılan və həlak olanların ailə üzvləri diqqətdə saxlanılır, onların problemləri ilə diqqətdə saxlanılır: “Müvəqqəti sığınacaqlarda yerləşdirilən ailələrə tez-tez baş çəkilir, problemləri ilə maraqlanılır”.

Xatırladaq ki, sentyabrın 27-dən bu günə qədər Ermənistan Gəncə şəhərini 5 dəfə raket atəşinə tutub. Azərbaycan Hərbi Hava Qüvvələrinin səyi nəticəsində ermənilərin 2 həmləsinin qarşısı alınıb.

Ermənilərin müharibə cinayətləri Gəncədə 25 mülki şəxsin həyatına son qoyub, 120-dən çox dinc sakinin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Eyni zamanda erməni vandalizmi nəticəsində çoxsaylı yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə, ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ciddi ziyan dəyib.