Home Manşet Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız

Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız

642
0
SHARE

Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradır. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini bölüşürlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

İsveçin Stokholm şəhərində yaşayan Asif Kurban yazır: “Möhtərəm Prezident İlham Əliyev, dünyanın bir çox ölkəsində yaşayan, fəaliyyət göstərən və getdikcə gündən-günə güclənən Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımızı bildirir və Sizi salamlayıram. Sizə və Sizin şəxsinizdə doğma Vətənimiz Azərbaycanımıza tam dəstəyimizi ifadə edirik. 2020-ci ilin sentyabrın 27-də təcavüzkar Ermənistanın ölkəmizə hücuma keçməsi, mülki əhalini və obyektləri atəşə tutması bizləri çox narahat etmişdir. Ancaq bu narahatlığımız çox çəkmədi. Sizin rəhbərliyinizlə ölkədə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılmışdır və şanlı Ordumuz düşmənə layiqli cavabı verərək, doğma torpaqlarımızı düşmən tapdağından azad etməyə başlamışdır. Rəşadətli Ordumuz gündən-günə cəbhədə irəliləyərək erməni təxribatçılarını torpaqlarımızdan çıxmağa məcbur edir. Cənab Prezident, Siz daim dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çağırış edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsini tələb edirdiniz. Lakin Ermənistan hər zaman sülh danışıqlarına məhəl qoymayaraq, qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bu gün isə Sizin düşünülmüş və qətiyyətli addımlarınızın nəticəsini görürük və bütün bunlar bizi hədsiz dərəcədə sevindirir. Əminik ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq və biz Şuşada, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına, Azərbaycan himninin səsləndirilməsinə şahid olacağıq. Sizin siyasətinizi dəstəkləyir, əldə olunan uğurlara görə Sizi, Ordumuzu və xalqımızı təbrik edirik. Biz Azərbaycan diasporunun nümayəndələri olaraq, Vətənimiz üçün əlimizdən gələni edirik. Bundan sonra da Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik. Allah Sizi, xalqımızı və müzəffər Ordumuzu qorusun!”

Rusiyanın Kazan şəhərindən Andrey Dmitriyev: “Möhtərəm cənab Prezident, Sizi Qarabağın azadlığı uğrunda apardığınız haqq savaşına görə təbrik edirəm. Azərbaycanın güclü və müstəqil dövlət kimi bugünkü uğuru bir Prezident kimi məhz Sizin gərgin əməyinizin, fədakarlığınızın və uzaqgörən siyasətinizin nəticəsində mümkün olub. Sizin davamlı fəaliyyətiniz bundan sonra da ölkənizin müasirləşməsi, inkişafı, rifah halının yüksəlməsi, dünyada onun rolunun möhkəmlənməsinə gətirib çıxaracaq. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzu edirəm”.

Bakı şəhər sakini Xələf Hümbətzadə: “Əziz Prezidentim, mən Bakı şəhəri 175 nömrəli orta məktəbin 5-ci sinif şagirdiyəm. Bizə hər gün verdiyiniz Qələbə sevincli xəbərlər məndə də ruh yüksəkliyi yaradır. Sizin apardığınız uzaqgörən və uğurlu siyasətinizi mən də heyranlıqla izləyirəm. Mən əminəm ki, Siz başda olmaqla Milli Ordumuz tez bir zamanda bütün torpaqlarımızı erməni işğalından qurtaracaq. Çünki biz haqq yolundayıq. Sizə bu yolda uğurlar arzulayıram. Allah Sizi qorusun! Qarabağ Azərbaycandır!”.

Şəki sakini Elçin Həşimov: “Hörmətli cənab Prezident, azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması barədə kadrları izlədikcə ürəyimiz qürurla doldu. Zəfər xəbərləri xalqımızı yeni qələbələrə ruhlandırdı. Cənab Prezident, hər bir azərbaycanlının qəlbi cəbhədə döyünərkən məhkumluq həyatı yaşayan bizlərin ürəyi də cəbhədədir. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə könüllü olaraq qatılmaq mənim üçün xoşbəxtlik və şərəf olardı. Şanlı Vətənim üçün canımdan və qanımdan keçməyə hazıram. Məhkumluq həyatımın bitməsinə bir neçə ay qalıb. Mən isə bir ömür boyu Vətənin keşiyində durmağa, şəhidlərimizin qanını almağa, torpaqlarımızı işğaldan azad etməyə hazıram”.

Lerik sakini Dilqəm Məmmədov: “Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı kimi Sizi daim dəstəkləyir və Sizə sonsuz minnətdarlığımızı bildiririk. İnkişaf yolunda olan Azərbaycan Respublikasının başçısı kimi Siz öz sevgi dolu qəlbinizlə bütün çətinlikləri aşaraq, fəxarətlə xalqımızın xidmətində dayanırsınız. Biz hər zaman Sizin uğurlu siyasətinizi dəstəkləyir və alqışlayırıq. Düşmən tapdağından azad etdiyiniz hər qarış torpağımızın qələbə sevincini bizə yaşadırsınız. İnşallah, tez bir zamanda bütün xalqımızla birgə tam qələbə sevincini yaşayarıq. Biz Sizə inanırıq və sona qədər düşmənlə mübarizə aparmağa hazırıq. Qarabağ Azərbaycandır!”.

Füzuli sakini İlham Yusifovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Füzuli rayonu Gecə Gözlü kəndinin 27 il işğaldan sonra Sizin və qəhrəman əsgərlərimizin şücaətləri sayəsində azad edilməsi münasibətilə Sizi və rəşadətli Ordumuzu ürəkdən təbrik edir, bütün həmkəndlilərim adından sonsuz minnətdarlığımı bildirirəm. Bütün xalqımız bu qələbələrin davamlı olacağına, üçrəngli bayrağımızın Şuşa qalası üzərində dalğalanacağına əmindir. Uca Tanrı bu haqq yolumuzu açıq və rəvan etsin! Qarabağ Azərbaycandır!”.

Şəmkir sakini Nərmin Əliyeva: “Möhtərəm cənab Prezident, mən hər gün Sizin üçün dua edirəm. Allahdan Sizi qorumasını diləyirəm. Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz uğurlar nəticəsizdə qazanılır. Şəhid analarımızın qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah Ordumuza güc, əsgərlərimizə cansağlığı, qollarına qüvvət versin. Əminəm ki, az bir vaxtda düşmənə qalib gələcəyik. Müzəffər Ali Baş Komandan, mənim 16 yaşım var. Sizin uğurlu fəaliyyətinizdən, Ordumuzdan ruhlanaraq, bu yaşımda belə cəbhəyə getməyə, hər bir əmrinizə tabe olmağa hazıram. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Zahid Əzimov: “Çox hörmətli cənab Prezident, Sizə bu məktubu ünvanlayan Bakı şəhər sakini, keçmiş döyüşçü Əzimov Zahid Hüseyin oğludur. Son günlər Sizin başçılığınızla müzəffər ordumuzun mənfur düşmənə vurduğu ağır zərbələrə və torpaqlarımızın bir hissəsinin azad olunmasına görə Sizə şəxsən öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsində tutduğunuz haqq yoluna və sərt mövqeyinizə görə Sizə təşəkkür edirəm. Keçmiş bir döyüşçü kimi, Sizin hər bir əmr və göstərişlərinizə əməl etməyə həmişə hazıram. Bu haqq savaşında Sizə və qalib ordumuza Allahdan müvəffəqiyyət, zəfər və qələbə arzu edirəm. Bu günlərdə qazandığımız qələbələrə görə özümü çox xoşbəxt sanıram və bu gözəl ölkənin vətəndaşı olmağımla fəxr edir, qürur duyuram. Şuşada, Laçında, Xankəndidə keçiriləcək qələbə paradında Sizinlə birlikdə iştirak etmək ən böyük arzumdur. İnanıram ki, o günə az, çox az qalıb. Cənab Ali Baş Komandanımız, Azərbaycan adlı möhtəşəm ordunun müzəffər Sərkərdəsi, qoy Qadir Allah Sizi, ölkəmizi, Ordumuzu və xalqımızı daima zəfərdən zəfərə, uğurdan uğura, qələbədən qələbəyə daşısın!”.

Bərdədən Bəhruz Məmişov: “Hörmətli cənab Prezident, biz hər gün televiziya qarşısında oturub Sizin yeni xəbərlərinizi gözləyirik. İşğal altında olan torpaqlarımızın siyahısı kiçildikcə sevincimiz yerə-göyə sığmır. Ümid edirəm ki, tezliklə Azərbaycanın üçrəngli bayrağı Şuşada dalğalanacaq və mən özüm də ailəmlə birlikdə Şuşa torpağına qədəm basıb həmin torpaqları ziyarət edəcəyik. Biz buna əminik, haqq-ədalət qalib gələcək. Cənab Prezident, Sizin kimi Prezidentimiz olduğu üçün çox xoşbəxtik. Sizin çıxışlarınızı dinləyəndə həm sevinir, həm də kövrəlib qürurlanırıq. Allah Sizin kölgənizi Azərbaycanımızın, millətimizin başı üzərindən əskik etməsin! Allah Sizi, övladlarınızı, əzizlərinizi, Ordumuzu, əsgərlərimizi qorusun! Dualarımız həmişə Sizinlədir. Cənab Prezident, biz Sizinlə, güclü Ordumuzla fəxr edirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Torpaqlarımızın uğrunda canını fəda etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik, Sizə, şəhid ailələrinə səbir, yaralı döyüşçülərimizə şəfa diləyirik”.

Lənkəran sakini Hafizə Muradova: “Əziz Prezidentim, əzəli torpaqlarımızı düşməndən azad etmək üçün yürütdüyünüz müdrik siyasətə görə bütün lənkəranlılar adından Sizə minnətdarlığımı bildirirəm. Biz hər gün səbirsizliklə televiziyada Sizin çıxışlarınızı gözləyir, qələbə xəbərlərinizi böyük qürur hissi ilə dinləyirik. Siz Azərbaycanın haqlı mövqeyini dünya liderləri qarşısında öz savadınız, nitqiniz, siyasətiniz və duruşunuzla çəkinmədən müdafiə edən güclü Prezidentimizsiniz. Allah Sizi daha da ucaltsın. Biz həmişə Sizin yanınızdayıq, Sizinlə fəxr edirik. Sizə qalibiyyət yaraşır. Hər zaman qalib olun, müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır! Biz Sizinlə güclüyük, möhtərəm Prezidentimiz!”.

Tərtər sakini Elşən İsayev: “Hörmətli cənab Prezident, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və işğal altında olan torpaqlarımızın mənfur ermənilərin tapdağından azad edilməsi istiqamətində apardığınız məqsədyönlü siyasətinizi dəstəkləyir və Sizə uğurlar arzulayıram. Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Ordumuzun gücünə, igid oğullarımızın zəfər çalacağına inamımız tamdır. Qarabağ Azərbaycandır!”.

Paytaxt sakini Vüsal Səməndzadə: “Müzəffər Ali Baş Komandan, 30 ildir ki, erməni işğalçılarının tapdağı altında qalmış, sanki dilə gələrək “bizi qurtarın” deyən torpaqlarımızı Siz müdrik siyasətiniz nəticəsində, güclü Ordumuzun şücaəti ilə quduz erməni daşnaklarından azad edirsiniz. Bu Vətən müharibəsində Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazır, öz zəfər imzanızı atırsınız. “Qarabağ Azərbaycandır!” deyərək hədsizlərə həddini – Paşinyana cavabını verdiniz. Cənab Prezident, qələbə münasibətilə Sizi, komandanı olduğunuz, güclü Ordumuzu, o cümlədən Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı, yeni-yeni qələbələr arzulayıram. Başqasının torpağında gözü olan Ermənistan prezidentinə və bütün dünyaya sübut etdiniz ki, Azərbaycan Respublikasının müdrik, müzəffər Ali Baş Komandanı, güclü Ordusu, müasir silah və texnikaları var. Azərbaycan xalqı Sizinlədir. Mən fəxr edirəm ki, bizim Sizin kimi Prezidentimiz var. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah Sizi bədnəzərdən qorusun!”.

Yevlax sakini Fidan Xasızadə: “Hörmətli Ali Baş Komandan, bu gün müzəffər Ordumuz Sizin rəhbərliyinizlə 30 ildir həsrətində olduğumuz torpaqlarımızı bizlərə – Vətən həsrəti torpaq həsrəti çəkən insanlara geri qaytarır. Cənab Prezident İlham Əliyev, Siz bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bu torpaq uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin də qisasını alırsınız. Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız. Düşmənə layiqli cavabını verirsiniz. Allah Sizi, Azərbaycan xalqını və Müzəffər Ordumuzu qorusun!”.

Lerik sakini Xudaverən Rəhimov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Torpaqlarımızın azad olunması ilə bizə qürur hissi yaşatdığınıza görə Sizə Lerik rayonu Veri kənd camaatı adından dərin təşəkkürümü bildirirəm. Biz Lerik camaatı olaraq hər zaman yanınızdayıq. Sizinlə və müzəffər ordumuzla fəxr edirik. Torpaqlarımızın tam azad olunacağına heç bir şübhəmiz yoxdur. Bu müqəddəs zəfər yolunda Tanrı yardımçınız olsun!”.

Cəbrayıl sakini Ziya Qürbətov: “Müzəffər Ali Baş Komandan, Sizi və bütün döyüşçülərimizi Qubadlı şəhərinin və digər yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə təbrik edir, Sizə Allahdan güc-qüvvət və möhkəm cansağlığı arzulayıram. Siz bir çox dövlətlərin liderlərinə liderlik dərsi verirsiniz. Sizin bir çağırışınızla xalq ətrafınızda bir yumruq kimi birləşir. Elə bu gün müşahidə olunan mənzərə də bunun təzahürüdür. Paşinyan isə döyüşmək üçün həm əsgərə, həm də xalqa yalvarır. Axı, xalqı üçün nə edib ki, xalq da onun yolu ilə getsin?! Cənab Prezident, Allah Sizə kömək olsun. Amin!”.

Ağdam sakini Gülli Bayramova: “Möhtərəm cənab Prezident, doğma torpaqlarımızın işğal altında qalması ilə bizim xalqımız barışa bilməzdi. Sizin rəhbərliyiniz altında rəşadətli Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək ərazilərimizin bir hissəsini erməni işğalından azad etməsi məni və ailə üzvlərimi çox sevindirdi. Fürsətdən istifadə edərək şanlı Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Vətən torpağının hər qarışı müqəddəsdir. Çünki bu torpaqlar şəhid qanı ilə suvarılıb. Mənim övladım da bu torpaqlar uğrunda şəhid olub. Cənab Prezident, cəbhədə qazanılan bu uğurlar münasibətilə biz Sizi təbrik edir və qələbə əzmi ilə yaşayırıq. Ordumuzdan yeni zəfərlər və yekun gözləyirik. Allah Sizi qorusun! Sizə cansağlığı diləyirəm”.

Tərtər sakini Rəşad Qarayev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, son günlərdə xalqımıza verdiyiniz ardıcıl qələbə xəbərləri bir Tərtər rayon sakini kimi məni də qürurlandırır. Bu haqq savaşı yüz minlərlə insanı məcburi köçkün həyatından xilas edəcək, sərhədlərimizin bərpa olunmasına gətirib çıxaracaqdır. Cənab Prezident, bu Vətən müharibəsində hər birimiz bir əsgər kimi əmrinizə hazırıq. Xalqımızın ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın, Qarabağın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması istiqamətindəki fəaliyyətinizi, gördüyünüz bütün işləri dəstəkləyirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Goranboy sakini Füzuli Əliyev: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, döyüş zonasından çox uzaqda yerləşən, ən uzaqvuran artilleriya mərmilərinin çatmadığı, yarım milyon dinc sakin yaşayan Gəncə şəhərinə çoxlu insan tələfatına və yaşayış binalarının yerlə-yeksan olmasına səbəb olan ballistik raket hücumlarını şiddətlə qınayıram. Bu hücumlardan sonra bizi atəşkəsə çağıranlar bilməlidirlər ki, belə müharibə cinayətlərindən, terror hücumlarından sonra atəşkəsə getmək və sülh danışıqları etmək cinayətə və terrora baş əymək olar. Dünyada baş verən və gələcəkdə baş verəcək münaqişələrdə düşmənlərimizin hərəkətləri pis bir nümunə kimi qalacaq. Mən Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Müraciət etsəm də, məni hazırkı döyüşlərə aparmırlar. Sonuncu olacağına inandığım ikinci Qarabağ – Vətən müharibəsində iştirak etmək ən böyük arzumdur. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.