Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Trend İnformasiya Agentliyinə müsahibəsi
– Koronavirus pandemiyası bütün sahələrə, o cümlədən gündəlik həyatımıza öz mənfi təsirini göstərməkdir. Bu təsirlər sırasına insanlar arasında aqressivlik, psixoloji vəziyyətin gərginləşməsi və digərləri daxildir. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi Azərbaycan ailələrindəki hansı problemi qabarıq şəkildə üzə çıxardı?
– Məlumdur ki, bütün dünyada COVİD-19-la bağlı elan edilmiş pandemiya istisnasız olaraq ölkələrin iqtisadiyyatına, eləcə də insanların siyasi, sosial və mənəvi dünyagörüşünə, həyat və məişətinə və əlbəttə ki, sosial və iqtisadi həyatının bütün sahələrinə öz təsirini göstərməkdədir. Hazırda bu proses getdikcə dərinləşməkdə, daha çox səylər və investisiyalar tələb edən tədbirlərin görülməsini diktə etməkdədir.
Artıq hər kəs başa düşür ki, bu qlobal bəla ilə ayrılıqda mübarizə aparmaq və qalib olmaq mümkün deyildir.
Hətta virusdan qoruya bildiyimiz insanlarımızın torpaq və sərhəd uğrunda öz canları və qanlarını necə halal etmələrinin nümunəsi olan Tovuz hadisələri bütün dünyaya gəncliyin hansı əhval-ruhiyyədə olduğunu bir daha göstərdi.
Amma bununla yanaşı, qeyd etməyi lazım bilirəm ki, bu pandemiya insanlarımızın davranışlarına, xüsusilə ailə daxilindəki münasibətlərə mənfi təsirlərini göstərməklə, psixoloji və sosial işin gücləndirilməsini, ailəyə dəstək mexanizmlərinin təkmilləşdirilməsini və yeni effektiv alətlərin yaradılmasını diktə etməkdədir.
Odur ki, Komitə öz səlahiyyətləri çərçivəsində məhdud sayda işçiləri cəlb etməklə fəaliyyət göstərməkdədir. Xüsusilə sərtləşdirilmiş karantin günlərində mərkəzi aparat və regional bölmələrimiz virusla mübarizədə maarifləndirməyə ciddi önəm verməklə Operativ Qərargahın qəbul etdiyi qərarların yerinə yetirilməsi, KİV-lər və sosial şəbəkələr üzərindən həssas təbəqədən olan insanlar və nəzarətə götürülmüş ailələrə sosial və psixoloji dəstək proqramlarını həyata keçirməkdədir.
Maddi və mənəvi yardım layihələrimiz müvafiq dövlət orqanları, qeyri-hökumət təşkilatları, o cümlədən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, eləcə də könüllü ailələrin yaxından iştirakı və dəstəyi ilə davam etməkdədir. Çalışırıq ki, bizə müraciət edən, eləcə də KİV-də və sosial şəbəkələrdə bu və ya digər problemləri qabardılan insanlara və problemli ailələrə öz səlahiyyətlərimiz çərçivəsində dəstək verək və yaxud aidiyyəti xidmətlərə yönləndirək.
Digər bir işimiz isə bu dövrdə ailədaxili münaqişələrin baş vermə səbəblərini araşdıraraq, sorğular keçirmək və təhlillər aparmaqdır ki, məsələnin bu tərəfini daha vacib hesab edirəm. Çünki bu sahədə vəziyyəti olduğu kimi təsəvvür etmədən onu yaxşılığa doğru dəyişmək mümkün deyildir. Bu əsasda apardığımız təhlillər göstərir ki, əsrlərlə nəsildən-nəsilə ötürdüyümüz zərərli mənfi tendensiyaların üzərinə pandemiyanın doğurduğu, Sizin də qeyd etdiyiniz aqressivlik, psixoloji gərginlik, sosial və iqtisadi problemlər və sərt karantin rejiminin təsirlərinin əlavə edilməsi ilə həm cəmiyyətdə, həm də ailədaxili məsələlərdə bəzən düzəldilməsi, geriyə qayıdışı mümkün olmayan proseslərin getməsinə və ağır nəticələr verməsinə səbəb olur.
Təhlillər isə bəzi ailələrdə ailədaxili zorakılıq meyillərinin artmasını, gender-əsaslı zorakılığın, heç zaman qəbul edilməsi mümkün olmayan uşaq evliliklərinin hələ də rast gəlindiyini ortaya qoyur.
Qadınların və azyaşlı uşaqların öz yaxınları və valideynləri tərəfindən öldürüldüyünü, sağlamlığına xəsarət yetirildiyini, öz evində və ailəsində təhlükəsizliyinin təmin olunmadığını sübut edir.
Çox təəssüf ki, pandemiya dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu meyillərin daha sərt, daha qabarıq və daha çox sayda baş verməsinin əsas səbəblərindən biri kimi çıxış etməkdədir.
Risk qrupuna daxil olan ailələrlə bağlı yerli mexanizmlərin gücləndirilməsinə ehtiyac var
– Azərbaycanda problemli ailələr adətən, hansısa münaqişələr və cinayətlər zamanı üzə çıxır. Amma belə ailələrdə münaqişə və cinayətlərin baş verməməsi üçün onların əvvəlcədən müəyyənləşdirilməsi və müəyyən işlərin aparılması mümkündürmü?
– Ailə daxilində baş verə biləcək münaqişələrin aradan qaldırılması, cinayət hadisələrinin baş verməməsi və problemlərin həlli istiqamətində preventiv tədbirlərin görülməsi zəruridir. Bunula yanaşı geniş ictimaiyyətin bu barədə məlumatlandırılması, ailənin möhkəmləndirilməsinə xidmət etdən təsirli mexanizmlər bu işə mühüm töhfə verə bilər.
Bildirmək istəyirəm ki, Komitə nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə ailədaxili münasibətlərlə bağlı, o cümlədən məişət zorakılığı, ailə münaqişəsi, boşanma, erkən nikah və s. mövzularla bağlı müraciətlər daxil olur.
Mərkəzlərdə risk qrupuna daxil olan ailələr nəzarətdə saxlanılır və onlarla mütəmadi olaraq maarifləndirmə işləri aparılır, müraciətlər əsasında ailələr ziyarət edilir, ehtiyacları müəyyənləşdirilir, fərdi hal qovluğu açılır, qayğı planı hazırlanaraq, ailə ilə sosial və psixoloji iş aparılır, zəruri olduqda isə ailə üzvləri mərkəz xidmətlərinə cəlb edilir. Qeyd edim ki, Mərkəzlərin fəaliyyət göstərdiyi bölgələrdə bu işləri daha səmərəli şəkildə aparmaq imkanımız vardır. Odur ki, yerli mexanizmlərin gücləndirilməsinə ehtiyac olduğunu xüsusi vurğulamaq lazım gəlir.
Komitənin təşəbbüsü ilə yerli icra hakimiyyətləri nəzdində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq komissiyaları yaradılmışdır. Ailə ilə bağlı yaranan bu kimi hallarda müvafiq yerli qurumlar da prosesə cəlb olunur, məsələ dövlət qurumları tərəfindən nəzarətə götürülən zaman ailə daxilində problemin hərtərəfli həlli üçün geniş imkanlar yaranır.
Bu istiqamətdə fəaliyyətlərin artırılması, risk qrupuna daxil olan ailələrlə profilaktik işin gücləndirilməsi, eyni zamanda həssas təbəqəyə daxil olan ailələrin mövcud xidmətlərə yönləndirilməsi gələcəkdə belə halların qarşısının alınmasında təsirli vasitə olacaqdır.
Yaşlı nəsil ilə gənc nəsil arasında münasibətlərin düzgün qurulmaması cəmiyyəti narahat edən problemlərdəndir
– Bu gün valideyn məsuliyyətsizliyi və nəzarətin olmaması uşaqlarla bağlı daha çox hansı neqativ halların baş verməsinə səbəb olur?
– Qloballaşma dövrünün Azərbaycan ailə institutuna təsirlərindən olan valideyn-uşaq münasibətlərinin düzgün tənzimlənməməsi, yaşlı nəsil ilə gənc nəsil arasında, ümumiyyətlə, ailə üzvləri arasında münasibətlərin düzgün qurulmaması hazırda cəmiyyəti narahat edən problemlərdəndir. Son zamanlar valideyn diqqətsizliyi və ya məsuliyyətsizliyi səbəbindən uşaq hüquqlarının pozulması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə faktlarla rastlaşırıq.
Təəssüf ki, bəzən belə səhlənkar münasibətin uşağın ciddi xəsarət alması, onun həyatını itirməsi və ya təhlükəli vəziyyətdə olan uşağı xilas edərkən digərinin öz həyatını itirməsi ilə nəticələndiyini görə bilirik.
Valideynlərin məsuliyyətli davranışı uşaqların sağlam böyüməsində, inkişafında, vətəndaş olaraq formalaşmasında əsas rol oynayan amillərdəndir. Azərbaycan Respublikasının Konstitusiyasında da vurğulandığı kimi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur.
Mütəmadi olaraq, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bu cür hadisələr təkrarlanır. Təbii ki, belə məlumatlar daxil olarsa və faktlar aşkarlanarsa, hadisə nəzarətə götürülərək araşdırılır, müvafiq tədbirlərin görülməsi və təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanları ilə birgə əməkdaşlıq çərçivəsində iş aparılır.
Uşaqlar cəmiyyətin həssas təbəqəsi olaraq daim diqqətə, qayğıya ehtiyac hiss edir. Hər bir valideyn məsuliyyətini anlamalı, öz üzərinə düşən valideynlik vəzifələrini layiqincə yerinə yetirməli və qanunla üzərilərinə düşən öhdəlikləri bilməlidirlər. Əlbəttə ki, burada məqsəd tək valideynin ciddi cəzalandırılması deyil, onun məlumatlandırılması, profilaktik söhbət aparılması və gələcəkdə belə əməllərlə yol verməməsi ilə bağlı olur.
Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə yayılan belə məlumatların cəmiyyət tərəfindən ictimai qınaqla qarşılanması da bu problemin həllində böyük rol oynaya bilər. Amma bəzən qınağın forması və məzmunu törədilən xəta və ya hüquqa zidd əmələ münasibətdə adekvat olmayanda daha ağır nəticələrə gətirib çıxara bilir ki, bu da qətiyyən yolverilməzdir. Odur ki, bu istiqamətdə maarifləndirmə tədbirlərinin gücləndirilməsi və valideynlərin məlumatlandırılmasının önəmli olduğunu vacib hesab edirəm.
Burada hazırkı dövr və şəraitə uyğun olaraq müxtəlif vasitələrdən istifadə etmək mümkündür.
Təhsillə bağlı valideyn məsuliyyətinin artırılmasına ehtiyac var
– Valideyn məsuliyyətinin və nəzarətinin artırılması üçün hansı işlərin görülməsi nəzərdə tutulur?
Mövcud qanunvericiliyə əsasən valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Çünki onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bütün bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində əksini tapır. Məcəllənin 58-ci maddəsində uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri təsbit edilmiş, 60-cı maddədə isə valideynlik hüquqlarının yerinə yetirilməsinə dair normalar müəyyən edilmişdir. Bu normaların pozulması hüquqi məsuliyyət yaradır.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə əsasən valideyn məsuliyyətinin artırılması üçün inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə Məcəllənin 157, 189, 455.2 512-ci maddələrində məsuliyyət nəzərdə tutulmuşdur.
Eləcə də son vaxtlar bir sıra normativ aktlara valideyn məsuliyyətinin artırılması ilə əlaqədar dəyişikliklər edilmişdir.
Məlumat üçün bildirirmək istəyirəm ki, ölkə Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərmanına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə görə təhsil verənlərə protokol tətbiq etmək səlahiyyəti həvalə edilmişdir.
Reallıqda valideynlər tərəfindən bu təminatın pozulması ilə bağlı məsələlər daha tez-tez rast gəlinsə də, yalnız təhsil verənlərə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 181.0.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Düşünürəm ki, gələcəkdə məhz bu sahədə valideyn məsuliyyətinin artırılmasını nəzərdə tutmağa ehtiyac vardır.
Valideyn-uşaq münasibətinin tənzimlənməsi üçün “valideyn-məktəb-uşaq” vəhdətinin düzgün qurulması, psixoloqlar ilə birgə genişmiqyaslı layihələrin həyata keçirilməsi çox vacibdir. Bu istiqamətdə Komitə tərəfindən mütəmadi olaraq valideyn məsuliyyətinə istiqamətləndirilmiş amillərin müzakirəsi ilə bağlı yeniyetmə, gənclər və onların valideynləri ilə görüşlərin keçirilməsinə üstünlük verilir.
Ümumiyyətlə, qeyd edim ki, Komitəyə olunan müraciətlərin araşdırılması nəticəsində belə bir qənaətə gəlinir ki, müxtəlif səbəblərdən ailədaxili münasibətlərdə yaranan gərginlik, valideynlər arasındakı münaqişə uşaqların psixoloji durumuna birbaşa mənfi təsir göstərir.
Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyanın 7.4-cü “Gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi” bəndində nəzərdə tutulan “Ailə psixoloqu” İnstitutunun yaradılmasına böyük ehtiyac vardır. Bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübədən də istifadə edilə bilər. Məsələn, bizə hər cəhətdən yaxın olan qardaş Türkiyə Respublikasındakı mövcud təcrübənin öyrənilməsi faydalı ola bilər. Biz bu barədə düşünürük.
– Azərbaycanda uşaqların əməyindən daha çox hansı sahələrdə istifadə edilir?
– Ölkəmizdə uşaq əməyinin istismarına qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir. Bu istiqamətdə vacib sənəd kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilmişdir. Strategiyada bu məsələ xüsusi qeyd edilərək uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Komitə tərəfindən “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda “Uşaq əməyindən istifadə vəziyyətinin öyrənilməsinə dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” tədbirinin (5.1.1.5-ci yarımbəndi) icrası ilə əlaqədar araşdırma işi aparılmışdır. 2019-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda uşaq əməyi ilə bağlı vəziyyəti qiymətləndirmək məqsədilə keçirilmiş tədqiqatın məqsədi ölkədə uşaq əməyindən istifadə sahəsində mövcud vəziyyətin təhlili olmuşdur. Aparılmış təhlil müəyyən sayda uşaqların əmək fəaliyyətinə cəlb edilməsi hallarını müəyyən etmişdir.
Azərbaycan Respublikasının bu istiqamətdə qoşulduğu beynəlxalq Konvensiyalardan irəli gələn məsələlər, milli qanunvericilik, elədə də qəbul edilmiş müvafiq dövlət proqramları və “Milli Fəaliyyət Plan”ları çərçivəsində uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində işlər aparılmış və maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Komitə tərəfindən uşaq baxımsızlığı, uşaq əməyinin istismarı və uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində fəaliyyətin davamı olaraq, Bakı şəhəri və Bakı şəhərində yerləşən məcburi köçkün rayonları üzrə yetkinlik yaşına çatmayanlarla işləyən polis müfəttişləri və yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşlarının peşə bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilmişdir.
Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilmiş, uşaq əməyinin vəziyyətinə dair müzakirələr aparılmış və təkliflər dinlənilmişdir. Bu sahədə mövcud mexanizmlərin effektivliyi məsələsi isə müasir dövrün tələblərinə uyğun yeni yanaşmalar tələb edir.
– Ən ucqar ərazilərdə yaşayan istedadlı uşaqların müəyyən edilib üzə çıxarılması üçün hansı işlər görülür?
– Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq iştirakçılığının artırılması, uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətin fəal üzvü kimi formalaşmalarının təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır və bu məqsədlə mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirir. Ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları ənənə halını alaraq Komitə, Heydər Əliyev Fondu və UNİCEF-in birgə təşkilatçılığı ilə keçirilir. Uşaqlar tərəfindən idarə olunan Forumlar uşaqlarda liderlik keyfiyyətlərinin formalaşmasına təkan verməklə yanaşı, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanının yaradılması, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədini daşıyır. Bu Forumlarda ölkə üzrə bütün şəhər və rayonları təmsil edən fəal və istedadlı uşaqlar iştirak edir. Elə 2017-ci ildə keçirilən axırıncı IV Forumda bütün şəhər və rayonlar əhatə olunmaqla 400-ə yaxın uşaq iştirak etmişdir.
Bundan əlavə, digər bir platforma kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Komitə tərəfindən irəli sürülən “Uşaq Səfirlər Məclisi” layihəsidir. Uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşması, onların ictimai fəallığının artırılması, uşaqların özləri tərəfindən həmyaşıdlarının inkişafına töhfə vermələrini təmin etmək məqsədilə yaradılan “Uşaq Səfirlər Məclisi” həmçinin, uşaq hüquqlarının pozulması və buna səbəb olacaq hallar baş verdikdə problemin aidiyyəti qurumlar qarşısında qaldırılması və həlli istiqamətində tədbirlərin görülməsi baxımından qarşıya mühüm bir missiya qoymuşdur. “Uşaq Səfirlər Məclisi”nə uşaqlar müsahibə əsasında seçilir və hazırda 15 uşaq üzv olaraq fəaliyyət göstərir. Uşaq səfirlərin sırasına regionlardan da uşaqlarn qoşulması istiqamətində işlərimizi davam etdiririk.
Komitə uşaqların öz hüquqları ilə bağlı təlimləndirilməsi, onlarda liderlik bacarıqlarının formalaşdırılması, asudə vaxtının səmərəli təşkili istiqamətində onların özlərinin birbaşa iştirakı ilə təlimlər, yay məktəbləri və müxtəlif seminarlar təşkil edir. Daha çox uşaqları maraqlandıran mövzular kimi “Uşaqların internetdə təhlükəsizliyi”, “Asudə vaxtın səmərəli təşkili”, “Hüquqlarımızı bilək və paylaşaq”, “Liderlik bacarıqlarının artırılması” mövzuları ətrafında uşaqlarla maarifləndirici tədbirlər təşkil edilir. Bu istiqamətdə keçirilən tədbirlərdə təkcə ötən il 3500-ə yaxın uşağın iştirakı təmin edilmişdir.
Uşağa qarşı kobud münasibət göstərən valdeynlərə qarşı inzibati tənbeh tətbiq edilə bilər
– Bu gün azyaşlı övladlarına işgəncə verən valideynlər də var. Onlara qarşı hansı cəza tədbirlərinin verilməsi daha düzgün olar və bu məsələ ilə bağlı sərtləşdirmənin aparılmasına ehtiyac varmı?
– Valideyn və uşaq münasibətləri çox həssas bir məsələdir. Qanunvericilikdə bu məsələlər hərtərəfli öz əksini tapmışdır. Belə ki, Ailə Məcəlləsinə əsasən valideynlik hüquqları həyata keçirilərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına diqqət yetirməli, onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.
Uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Məsuliyyət tədbirlərindən biri şəxsin valideynlik hüquqlarının məhdudlaşdırılması və ya bu hüquqlardan məhrum edilməsidir.
Valideynlərin uşaqlara qarşı qəddar münasibətinin qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsində bir sıra inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə, eləcə də uşağa qarşı kobud münasibət göstərən valdeynlərə qarşı inzibati tənbeh tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 113-cü və 133-cü maddələrinə əsasən, azyaşlı uşağına işgəncə verən valideynlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Düşünürəm ki, bu istiqamətdə ictimaiyyətin daha geniş məlumatlandırılması, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılmasına ehtiyac vardır.
Cəmiyyətin erkən nikaha münasibətini dəyişmək çox vacibdir
– Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi üçün hansı işlər görülə bilər?
– Erkən nikah və qohumlar arasında nikah halları uşaq və ana ölümü hallarının, ailələrdə münaqişələrin baş verməsi, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsi, boşanmaların sayının artması, qızların təhsildən yayınması ilə tam şəxsiyyət kimi formalaşmaq imkanlarının azalması və sosial cəhətdən həssas qrupların sayının artması kimi mənfi nəticələrə səbəb olur. Bu da öz növbəsində cəmiyyətin gələcək inkişafına və rifahına mane olur. Belə nikahların yayılmasında mədəni-psixoloji və sosial-iqtisadi faktorlar böyük rol oynayır.
Cəmiyyətin bu məsələyə münasibətini dəyişmək, stereotipləri aradan qaldırmaq belə hallarda çox vacib amildir.
Ailə Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı 15 noyabr 2011-ci il tarixli Qanuna əsasən nikah yaşı 1 yaş artırılaraq 18 yaş qəbul edilmişdir. Həmçinin Cinayət Məcəlləsinə 15 noyabr 2011-ci il tarixli Qanuna dəyişiklik edilərək “Qadını nikaha daxil olmağa məcbur etmə” ilə bağlı 176.1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə qadını nikaha daxil olmağa məcbur etmə – iki min manatdan üç min manatadək cərimə və ya iki il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (176-1.1.) Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək cərimə və ya dörd il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Azərbaycan Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.6.3-cü bəndinə əsasən gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi, erkən nikahların fəsadları barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2017-2021-ci illərdə əməli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edim ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğun olaraq Komitə tərəfindən “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” hazırlanmış və Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.
Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən edilmişdir. Bu qaydalar aidiyyəti dövlət orqanları tərəfindən gənclərin erkən nikahların və qohumlar arasında nikahların mənfi nəticələri barədə maarifləndirilməsi işinin daha məqsədyönlü şəkildə aparılmasına imkan verəcəkdir. Qaydanın 1.3-cü bəndinə əsasən, gənclər arasında maarifləndirməni yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilər.
Bundan əlavə, Komitənin təşəbbüsü ilə Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində və regionlarda yerləşən orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri sahəsində gənclərin maarifləndirilməsi üçün müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Tədbirlərdə Komitə, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş erkən nikah və digər problemləri işıqlandıran “Onlardan biri mənəm” adlı sosial çarx hazırlanmışdır.
Uşaqlar üçün zərərli informasiya məhsulunun yayılmasına nəzarət edilir
– Uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac varmı?
– Birmənalı olaraq bu sahədə səylərin artırılmasına ciddi ehtiyac vardır. Bilirsiniz ki, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Qanun qəbul edilmiş və 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunun məqsədi uşaqların informasiyaya təhlükəsiz çıxışını təmin etmək, həm kütləvi informasiya vasitələrində, həm internetdə onların qarşılaşa biləcəkləri sağlamlığa zidd informasiya məhsullarından qorumaqdır. Qanunun qəbul edilməsi ilə bir çox əlaqədar normativ hüquqi aktlara dəyişikliklər edilmiş uyğunlaşdırılma aparılmışdır.
Məlumat üçün bildiririk ki, dövlət qurumları tərəfindən uşaqlar üçün zərərli olan informasiya məhsulunun dövriyyəsinə və yayılmasına qanunvercilikdə nəzərdə tutulmuş qaydada nəzarət edilir.
Bu qanunla uşaqların internet informasiya məkanında müdafiəsi təmin olunur və bu məsələdə valideynlərin müstəsna rolunu xüsusilə qeyd etmək lazımdır.
Eyni zamanda 9 aprel 2020-ci il tarixində Komitə tərəfindən tərtib olunmuş “Uşaqların internet təhlükəsizliyi və onun təmin olunması yolları” mövzusunda elektron təlim sosial şəbəkələrdə yerləşdirilmişdir. Həm uşaq, həm də, valideyn auditoriyası üçün nəzərdə tutulan təlimdə internetin yaranması, ondan düzgün istifadə qaydaları, internetin faydalı və zərərli tərəfləri, virtual aləmdə mövcud olan təhlükələr, antivirus və virusları blok edən xüsusi proqramlar haqqında danışılmışdır. Elektron təlimdə, həmçinin, COVİD-19 pandemiyası, onun ilkin əlamətləri, virusdan qorunma yolları şərh edilmişdir. Şərh bölməsində istifadəçilər tərəfindən ünvanlanan suallar, əsasən, kiçik yaşlı uşaqların internet asılılığı, ölkə ərazisində mövcud olan internet kanalları, təhlükəsiz internet kimi məsələləri əhatə etmişdir.
Bununla yanaşı, videohostinq və axtarış sistemlərinin uşaqların istifadəsi üçün nəzərdə tutulan versiyalarının tərtib olunmasının müsbət və mənfi tərəfləri müzakirə edilmişdir. Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri tərəfindən təqdimatın işarət dilinə tərcümə edilməsi və istifadəsi ilə bağlı müraciət daxil olmuş və nəticədə video material işarət dilində hazırlanaraq, sosial şəbəkələrdə paylaşılmışdı