Home Manşet Şəbnəm Həsənova: Prezident İlham Əliyev BMT tarixində bir ilkə imza atdı

Şəbnəm Həsənova: Prezident İlham Əliyev BMT tarixində bir ilkə imza atdı

370
0
SHARE

BMT Baş Assambleyasının “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qəbul etdiyi qətnamə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, eyni zamanda humanist xarici siyasətinin əyani təzahürü və növbəti parlaq qələbəsidir. Azərbaycan Respubikasının Prezidenti tərəfindən Qoşulmama Hərəkatının üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınır ki, bu önəmli tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur. Bu Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir. Qoşulmama Hərəkatının beynəlxalq aləmdə böyük rolu və çəkisi olduğunu nəzərə alaraq hazırda Azərbaycanın bu önəmli beynəlxalq təsisata uğurla sədrlik etməsiölkə başçımızın bir lider kimi beynəlxalq münasibətlər sistemində olan yüksək nüfuzundan xəbər verir.  Bütövlükdə, BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir ki, bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri olduğu halda pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Qətiyyətlə deyə bilirik ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi.

Dünyada insan sağlamlığına, onun təhlükəsizliyinə və rifahına ciddi hədə törədən Covid-19 pandemiyasının rast gəlinməmiş və bir çox təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün bütün dünya pandemiyadan əziyyət çəkir. Belə bir çətin dövrdə beynəlxalq aləm birləşərək buna qarşı mübarizə aparır. Azərbaycan da beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi bu məsələdə də dünya dövlətləri ilə həmrəylik nümayiş etdirir. Ermənistan isə Covid-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə ilk günlərdən etibarən qarşı çıxaraq sonuna kimi bu təşəbbüsə süni əngəllər yaratmağa çalışmış və açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər etmiş, lakin öz məqsədinə nail ola bilməmişdir. Belə əməlinə görə növbəti dəfə Ermənistan beynəlxalq ictimaiyyətin kəskin mövqeyi ilə üzləşmiş və onun bu cəhdi rədd edilmişdir.

Şəbnəm HƏSƏNOVA

Politoloq