Home Gündəm Politoloq: ABŞ seçki reallıqları nədən ibarətdir?

Politoloq: ABŞ seçki reallıqları nədən ibarətdir?

681
0
SHARE

ABŞ-DA SEÇKİ REALLIQLARI: “DEMOKRAT”IN ANTİDEMOKRATİK SİMASI

ABŞ-da növbəti – 59-cu prezident seçkiləri keçirildi. Siyasi ictimaiyyətin yaddaşına yazılan tarixi məqamlar isə nəticədən daha çox digər bir sıra nüanslar oldu. Prosesə geniş rakursdan analitik nəzər yetirdikdə məlum olur ki, istər teledebatlar zamanı səsləndirilən fikirlər, istər siyasi mübarizənin metod və formaları, istərsə mövcud qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar, istərsə də səslərin hesablanması, saxtalaşdırma iddiaları kimi məqamlar ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərdi.

“GEOPOLİTİK DEMOKRATİYA” VƏ YA “DEMOKRATİYA” SİLAHI GEOPOLİTİK TƏZYİQ VASİTƏSİ KİMİ

Əsas etibarilə, ortaya çıxan mənzərə iki başlıca reallığı aşkar edir. Birincisi, öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. İkincisi isə, prezidentliyə namizədlər arasında siyasi mübarizənin metod və formaları bu ölkədə siyasi mədəniyyət səviyyəsinin yüksək olmadığını göstərir.

Ümumiyyətlə, dünya siyasətinin başlıca tendensiyalarını müəyyən edən bu hegemon güc mərkəzi beynəlxalq ictimaiyyətə “demokratik dəyərlər” aşılamağa və ya “demokratiya dərsləri” verməyə çalışsa da, öz daxilində müşahidə edilən antidemokratik proseslər reallıqların nədən ibarət olduğunu göstərir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2012-ci il noyabrın 6-da ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. “Səsvermə hüququnun reallaşdırılması, səslərin sayılmasında dəqiqlik, seçki qərargahlarının maliyyələşdirilməsinin şəffaflığı, səslərin sayılması proseduru və buraya beynəlxalq müşahidəçilərin buraxılması kimi məsələlərdə yol verilən kobud nöqsanlar böyük narahatlıq yaradır”, – deyə Büronun hesabatında bildirilmişdi. Həmin seçkiləri müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyası belə bir qənaət ifadə etmişdi ki, Birləşmiş Ştatların seçki sistemində özünü göstərən ciddi qüsurlar bütövlükdə demokratik prosedurları, şəffaflığı şübhə altına alır: “Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir”.

Nümayəndə heyətinin rəhbəri Co Suares diqqətə çatdırmışdı ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir.

Beləliklə, ortaya çıxan nəticə budur ki, demokratik dəyər və ənənlərə məhəl qoymayan ABŞ öz sərhədlərindən kənarda “demokratiya” tələbi ilə çıxış etməklə özünün “geopolitik demokratiya” məfhumunun mahiyyətini aşkar edir, başqa sözlə, “demokratiya” silahından geopolitik oyunlar vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir.

ABŞ QANUNVERİCİLİYİ SEÇKİLƏRDƏ XALQIN İRADƏSİNİ VƏ SUVERENLİYİNİ NECƏ MƏHDUDLAŞDIRIR?

Bütövlükdə, ABŞ-da seçki reallıqlarını anlamaq üçün bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, ABŞ-da prezident xalqın deyil, seçici kollegiyalarının səsi ilə seçilir. Seçicilər kollegiyaları, onlar isə ümumi səsvermə vasitəsilə prezidenti seçirlər. Seçici kollegiyaları əsasən Nümayəndələr Palatasında və Senatda ayrı-ayrı ştatları təmsil edirlər. Bundan başqa, səsvermə prosesi zamanı müəyyən paradokslar da müşahidə edilir. Məsələn, səs verənlər bəzi hallarda öz seçimlərini rəqib partiyanın namizədinin lehinə edirlər ki, bu da kollegiyaların fəaliyyətində şahid olunan ziddiyyətlər sırasında yer alır. Digər arxaik metod isə bundan ibarətdir ki, prezidentliyə namizədlərdən heç biri yetərli sayda (270-dən çox) səs toplamasa, o zaman Nümayəndələr Palatası daha çox səs toplamış namizədi prezident elan edir ki, bu da bütövlükdə demokratiyanın mahiyyətini əks etdirən xalqın iradəsi və suverenliyinin məhdudlaşdırılmasıdır.

BİRLƏŞMİŞ ŞTATLARIN SİYASİ SİSTEMİ PLÜRALİZMİ İSTİSNA EDİR

Beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir. Məsələn, 2012-ci il prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüş, hər hansı bir maneə və ya hüquq pozuntusu olmamasına rəğmən, bunlardan yalnız 4 nəfərin adı seçki bülleteninə salınmışdı, hətta nəticədə iki partiya nümayəndəsi prezidentlik postu uğrunda mübarizəyə buraxılmışdı.

SEÇKİLƏR ZAMANI CİDDİ QANUN POZUNTULARI VƏ ÇATIŞMAZLIQLAR SİYASİ ƏNƏNƏ KİMİ…

Bu ölkədə fəaliyyət göstərən hüquqşünaslar və siyasi ekspertlər seçicilərin qeydə alınması zamanı müşahidə olunan çatışmazlıqların və qanun pozuntularının artıq ənənə halını aldığını diqqətə çatdırırlar. Bu ölkə mətbuatının məlumatına görə, 2012-ci ildə keçirilmiş prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmayıb, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilib, 6 milyon vətəndaşın isə seçici siyahılarında adına rast gəlinməyib. Məhz sonuncu prezident seçkilərində də müşahidə olunan bir sıra neqativ hallar da dünya mətbuatının diqqət mərkəzində olub.

SEÇKİ PROSESİNİ TƏNZİMLƏYƏN MÜSTƏQİL MƏRKƏZİ ORQANIN OLMAMASI XAOS MÜHİTİNİ ŞƏRTLƏNDİRİR

Bundan başqa, prezident seçkiləri zamanı ABŞ seçki sisteminin qüsurlarını ortaya çıxaran və ciddi iradların meydana çıxmasını şərtləndirən hallardan biri isə seçkilərin keçirilməsi üzrə fəaliyyət göstərən orqanların tənzimləyici mexanizm rolunda çıxış etməməsidir. Məlumdur ki, bu ölkədə prezident seçkilərinin keçirilməsi üzrə müstəqil mərkəzi orqan yoxdur, buna görə də seçkiləri tənzimləmək üçün 2 federal seçki komissiyası fəaliyyət göstərir. Bu orqanlar isə daha çox maliyyə məsələlərini tənzimləyir və həmin strukturların tərkibi ikipartiyalı sistem əsasında formalaşıb ki, bu da qurumların sağlam, ədalətli və obyektiv fəaliyyətinə mane olur, daha çox ziddiyyət və qarşıdurmalar müşayiət olunur. Beləliklə, seçkilər daha çox korporativ rəqabət platformasında “tənzimlənir”, bir növ, “idarəedilən xaos” ortaya çıxır.

 

ÖZ SƏRHƏDLƏRİNDƏN KƏNARDA DEMOKRATİYA TƏLƏB VƏ DİKTƏ EDƏN ÖLKƏDƏ SAĞLAM RƏQABƏT MÜHİTİ YOXDUR

Eyni zamanda, seçki qanunvericiliyi təkmil və demokratik olmadığından seçki prosesinə böyük məbləğdə maliyyə vəsaitləri xərclənir və güclü maliyyə dəstəyinə malik olmayan – müəyyən lobbi təşkilatlarından və iri korporasiyalardan dəstək ala bilməyən namizədlər seçki prosesindən kənarda qalırlar. Təsadüfi deyil ki, 2012-ci ildə keçirilmiş prezident seçkilərini müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyasının rəhbəri Co Suares Birləşmiş Ştatlardakı seçkilərin maliyyə tərəfinin də ciddi problemlər və çatışmazlıqlara yol açdığını diqqətə çatdırıb: “Seçkilərdə hər bir namizəd üçün fantastik məbləğdə maliyyə vəsaiti ayrılıb. Bizim ümumi rəyimiz belə idi ki, bu seçkilərdə hər şeyi pul həll edib. Məhz bunu biz neqativ təbliğat və çirkli kampaniya adlandırırıq”.

BEYNƏLXALQ TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİNƏ TƏZYİQ FAKTI NƏYİN İFADƏSİDİR?

Nəhayət, bu ölkədə seçkilərin beynəlxalq təşkilatlar tərəfindən müşahidə edilməsinə embarqo qoyulub. Belə ki, təkcə Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini müşahidə etmələrinə icazə verən qanunlar qəbul edilib. Texas ştatının prokuroru Qreq Ebbotun ATƏT DTİHB-nin tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlığı isə “demokrat”ın antidemokratik reallığını növbəti dəfə aşkar etmişdi. O, hətta “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir” deməklə Birləşmiş Ştatların hansı mövqedə durduğunu bəyan etmişdi. Bundan başqa, ABŞ administrasiyası DTİHB-nin müşahidəçi missiyasının fəaliyyətinə qadağalar qoymuş və onların heç bir iradını qəbul etməmişdi. ABŞ-da ştatların birinin qubernatoru isə müşahidəçiləri həbs olunmaqla təhdid etmişdi.

Göründüyü kimi, “demokratiyanın beşiyi”ndə seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar.

NAMİZƏDLƏRIN DEBAT – POLEMİKA FORMASI ÖLKƏDƏ SİYASİ MƏDƏNİYYƏT SƏVİYYƏSİNİ ƏKS ETDİRİR

Bunlarla yanaşı, namizədlər arasında baş tutan teledebatlar zamanı səsləndirilən qeyri-etik fikirlər, həmçinin qarşılıqlı ittihamlar namizədlər arasında siyasi mübarizənin hansı metodlarla aparıldığını aşkar edir.

Bir çox suveren milli dövlətlərə “seçki demokratiyası” məfhumunu əldə bayraq edərək təzyiq göstərən, dünyaya “demokratiya dərsləri” verməyə çalışan Birləşmiş Ştatlarda prezident seçkiləri fonunda ortaya çıxan mənzərə bu ölkədə siyasi mədəniyyət səviyyəsinin göstəricisi kimi çıxış edir. Daha da dəqiqləşdirsək, tərəflərin mübarizəsinin rəqabət və aşkarlıq mühitində aparıldığı görüntüsü yaradılsa da, prezidentliyə namizədlərin debat xarakterli dialoqunun (oxu: qarşılıqlı ittiham və ziddiyyətlərin) fonunda ortaya çıxanlar bu ölkənin siyasi sisteminin siyasi etika, mədəniyyət kimi spesifik dəyərlərdən uzaq olduğunu aşkar edir.

TRANSMİLLİ MEDİA İLƏ SİNXRON FƏALİYYƏT GÖSTƏRƏN ABŞ MƏTBUATININ ÖZÜNÜİFŞASI

Birləşmiş Ştatlarda prezident seçkilərinin təbliğat kampaniyası dövründə müşahidə edilən reallıqlardan biri isə Qərb mediasının qeyri-obyektiv davranışları – müəyyən siyasi təlimat və direktivlərə əsaslanan fəaliyyətidir. Xüsusilə də, ABŞ mediası, bu ölkədə müəyyən dövlət və hökumət qurumlarının mətbu orqanları birtərəfli təbliğat aparmaqla həm Amerikasayağı “demokratik ənənə”lərə sadiqlik nümayiş etdirirlər, həm də seçki kampaniyasının transmilli KİV-də necə işıqlandırılması gerçəkliyini bütün dünyaya nümayiş etdirirlər.

Əvvəla qeyd edək ki, dünya mətbuatı bu ölkədə seçki sisteminin qüsurlarından, teledebatlar zamanı ortaya çıxan neqativ mənzərədən bəhs etdiyi halda, ABŞ mediası buna etinasız yanaşır, üstəlik, bu barədə hər hansı bir informasiya yayan mətbu orqanlara, eləcə də ekspertlərə qarşı total ideoloji hücumlar təşkil edir. Bu isə “demokratiyanın beşiyi”ndə söz, mətbuat azadlığının, fikir plüralizminin səviyyəsini göstərir.

 

Beləliklə sadalananlar ona dəlalət edir ki, “qlobal dövlət” fəlsəfəsinə xidmət edən, “demokratiya”, “insan hüquqları” kimi məfhumlardan istifadə edərək ayrı-ayrı ölkələrə qarşı “qara piar” kampaniyası aparan, ikili standartlar əsasında fəaliyyət göstərən Qərb mətbuatı – transmilli media öz “ənənə”sinə sadiqdir. Yəni bu media orqanları növbəti kampaniya ərəfəsində də vahid mərkəzdən idarə olunur, konkret direktivlər əsasında fəaliyyət göstərirlər. Bir sözlə, ABŞ-da prezident seçkilərinin təbliğat kampaniyası dönəmində müşahidə edilənlər Qərb mediasının iç üzünü məhz bu cür ortaya qoyur – transmilli medianın gerçək mahiyyətini aşkar edir…

BELƏLİKLƏ, ABŞ-IN “DEMOKRATİYA” MİFİ PUÇ OLUR…

Bütövlükdə, “soyuq müharibə”dən sonrakı dövrdə – postbipolyar beynəlxalq münasibətlər sistemində hegemon güc mərkəzi kimi ABŞ dünya ictimaiyyətinə “demokratik dəyərlər” aşılamağa çalışsa da, bu ölkənin öz daxilində müşahidə edilən antidemokratik proseslər, həmçinin siyasi mədəniyyət səviyyəsi reallıqların nədən ibarət olduğunu göstərir. Bütün hallarda Birləşmiş Ştatlarda prezident seçkiləri ərəfəsində ortaya çıxan mənzərə beynəlxalq miqyasda təəccüblə qarşılansa da, bu hegemon güc mərkəzinin siyasi sistemi öz ənənələrini növbəti dəfə bütün dünyaya təzahür etdirir. Başqa sözlə, ABŞ-ın “demokratiya mifi” bütün dünyanın nəzəri qarşısında öz gerçək mahiyyətini nümayiş etdirir.

Nurlan QƏLƏNDƏRLİ

POLİTOLOQ