Home Cəmiyyət Belarusdakı seçkiləri müşahidə etmiş deputat “Yeni Müsavat”a nələr danışdı? FOTO…

Belarusdakı seçkiləri müşahidə etmiş deputat “Yeni Müsavat”a nələr danışdı? FOTO…

752
0
SHARE
Arzu Nağıyev Milli Məclis

Arzu Nağıyev: “Total seçki saxtakarlığından söhbət gedə bilməz”

9 avqustda Belarusda keçirilən prezident seçkilərinin nəticələrini elan edən Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80.1% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10.12% səs topladığı açıqlanıb.

Lakin seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar davam edir. İndiyədək 7 000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Seçkidə A. Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır. Belarusda seçkiləri müşahidə edən Milli Məclisin üzvü, deputat Arzu Nağıyev “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Arzu bəy, Belarusda prezident seçkilərini müşahidə etdiniz. Konkret harada müşahidələr apardınız? Sizin müşahidələr nə deyir, Aleksandr Lukaşenkonun adının qarşısına yazılan faizlər ədalətli nəticədirmi?

– Belarusda prezident seçkilərini müşahidə missiyasında mən və Milli Məclisin digər 3 millət vəkili, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi, eyni zamanda Azərbaycanın MDB Parlamentlərarası Assambleyadakı nümayəndəsi var idik. Biz həm MDB İcraiyyə Komitəsini, həm də MDB Parlament Assambleyasını təmsil edirdik. Konkret olaraq mən Minsk şəhərinin ən iri sənaye rayonu olan Partizansk rayonunda həm seçkidən öncə, həm də seçki günü müşahidələr apardım. Belarusda seçki iki mərhələdə keçirilir. Səsvermə 5 gün əvvəlcədən başlayır, bir də seçki günü, əsas gün, yəni 9 avqustda səs verilir. Partizansk rayonunda iri sənaye obyektləri, zavodlar, fabriklər, ali təhsil ocaqları və s. yerləşir. Birmənalı şəkildə deyə bilərəm ki, bu rayonda cənab Lukaşenko liderlik edirdi. Çünki rayon sakinləri işlə təmin edilib, sosial məsələlər həllini tapıb, zavod və fabriklər öz məhsullarını həm daxili, həm də xarici bazara şıxara bilirlər, bu da ki, çox vacib elementdir. Qeyd etməliyəm ki, Partizansk rayonunda cənab Lukaşenkonun səs faizləri həqiqətə uyğun idi.

– Elə isə seçkilərdən sonra xalqın küçəyə axışması nəyin göstəricisidir, burada xarici amil rol oynayıb, yoxsa sadəcə total seçki saxtakarlıqlarına etirazdan söhbət gedə bilər?

– Total seçki saxtakarlığından söhbət gedə bilməz. Çünki hətta vətəndaşların özü tərəfindən aparılan müşahidə və statistik göstəricilər ExitPoll-la müqayisədə o qədər də fərqli deyildi. Həmin nümayəndələrlə də görüşlərimiz oldu və əsas problemin siyasi olduğu nəzərə çarpırdı. Yəni iqtisadi tənəzzüldən və ya problemlərdən söhbət açılmırdı, əsas məsələ siyasi problemlərlə bağlı idi. Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görürdü. Təsəvvür edin ki, seçkinin bitməsinə 10-15 dəqiqə qalanda məntəqəyə 30-40 seçici gəlir və bir nəfər seçki kabinəsinə daxil olur, 10 dəqiqə ərzində çıxmır, süni sıxlıq yaradılır, narazılıq edənlərin və avtomobillərdən siqnallar verənlərin avtomobilləri isə şəxsi deyildi, icarəyə götürülənlər idi. Yəni düşünülmüş məsələlər nəzərə çarpırdı. Küçələrə çıxan kontingentə gələndə isə, bunlar heç də həssas və çətin durumda olanlar deyildi. Əsasən Polşada, Litva və digər xarici dövlətlərdə təhsil alan tələbələr, xarici şirkətlərdə işləyənlər, Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olanlar və bu və ya digər səbəbdən iş yerlərini itirən iş adamları çoxluq təşkil edirdi.

– Lukaşenkonun xanım rəqibi Svetlana Tixanovskayanın ölkədən çıxarılması əməliyyatını necə dəyərləndirirsiniz?

– Bilirsiniz ki, əsas rəqib kimi göstərilən Svetlana Tixanovskaya səslərin 10 faizini toplayıb. Heç vaxt siyasətlə məşğul olmayan və həyat yoldaşının azadlığa çıxması üçün bu seçkiyə qoşulan şəxs üçün çox mühüm bir qələbədir, yəni səslər bunu deyir. Seçkilərdən sonra Litvaya getməsi və verdiyi bəyanatdan da məlum olur ki, həqiqətən onun həyatına təhlükə olub. Lakin kim tərəfindən? Əgər Belarus hakimiyyəti ona ölkədən çıxmağa şərait yaradaraq, təhlükəsizliyini təmin etdisə, deməli, bu təhlükə əks tərəfdən də ola bilərdi və bunu da iqtidarın üzərinə qoya bilərdilər. Məhz buna görə də belə bir əməliyyat baş tutdu.

– Həbs edilən və öldürülən etirazçılarla bağlı sizdə məlumatlar nədən ibarətdir?

– Bu barədə ancaq kütləvi informasiya vasitələrindən məlumatlıyam. Belorus Daxili İşlər naziri Yuriy Karayev etiraz mitinqlərinin yatırılması və həbslər vaxtı güc strukturlarının əməkdaşları tərəfindən təsadüfən xəsarət yetirilən, zədə alan vətəndaşlardan üzr istədi, məsuliyyəti öz üzərinə götürdü və bu şəxslərin də “rəngli inqilablar”da istifadəsini qeyd etdi. Bu hadisələr təbii ki, arşdırılmalıdır və hüquqi qiymətlər verilməlidir.

– Necə bilirsiniz, Putin “Batya”nı devirmək istəyir, ya onu xilas məqsədilə Belorusla hansısa oyun qurub? Bu arada rusiyalı hərbçilərin Belorusda həbsi də maraqlı detal idi.

– Zənnimcə, belə deyil. Çünki Belarus həm coğrafi, həm də geosiyasi yerinə görə həm Rusiya, həm də Qərb üçün çox mühüm əhəmiyyət kəsb edir. Təbii ki, güclü bir liderin olması da buna mane olan amildir. Eyni zamanda Lukaşenkonun son vaxtlar apardığı müstəqil daxili və xarici siyasət də çoxlarına xoş gəlmir. Bütün məsələlər də məhz bundan qaynaqlanır.

– Beynəlxalq aləm, Qərb dövlətləri və təsisatları Likaşenkonun legitimliyini tanımadı. Belə olan halda gedişat necə olacaq, sizcə? Küncə sıxışdırılmış Belorus sonda Rusiya ilə məcburən birləşə, SSRİ-nin dirildilməsi əməliyyatında yer ala bilərmi?

– Avqustun 14-də Belorusda rəsmi olaraq seçkinin nəticəsi elan olunmalıdır. Belarus birinci və axırıncı dövlət deyil ki, Qərb onun nəticələrini tanımasın. Zənnimcə, MDB məkanı tam şəkildə nəticələri tanıyacaq. Bundan başqa, Belarusun tərəfdaşları olan dövlətlər də az deyil. Yəni bu dövləti hazırki potensialı ilə siz dediyiniz kimi “küncə sıxmaq” mümkün olmayacaq. SSRİ-nin bərpası məsələsinə gəldikdə isə, Belarus bu qədər gərginliklə müstəqilik əldə edibsə, onun hansı dövlətləsə birləşməsi inandırıcı deyil.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Arzu Nağıyev

Arzu Naöıyev