Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Azərbaycanın rəşadətli ordusu malik olduğu imkanları, gücünü, qüdrətini işğalçı Ermənistana və onun havadarlarına bir daha göstərdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, həmçinin Müdafiə Nazirliyinin məlumatlarında hər gün düşmənin nə qədər hərbi texnikasının məhv edildiyini, həmçinin qənimət kimi götürüldüyünü açıqladı. Noyabrın 11-də cənab İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə “Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” söyləyərək onların qəhrəmanlıqları əsasında yazılan tarixdən geniş bəhs edərək bu məqamı da xüsusi vurğulamışdır ki, düşmənin qənimət götürülmüş hərbi texnikasının Bakıya gətirilməsinə, bunun üçün yer seçilməsinə göstəriş verilib. Həmin texnikanı nümayiş etdirəcəyik, bütün Azərbaycan xalqı nəyi əldə etdiyimizi görəcək.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.
V.Rəhimzadə qeyd edib ki, noyabrın 10-da Azərbaycan ən yeni tarixinin şanlı zəfər səhifəsini yazdı: “Dövlətimizin qətiyyəti, əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu. Ermənistan və onun «yenilməz ordusu» döyüş meydanında darmadağan edildi, diz çökdü. Budur, Azərbaycan ordusunun məğrurluğu, yenilməzliyi. Çünki bu torpaqlar öz tarixi sahibinə qayıtmalı idi və qayıtdı. Müharibənin başlandığı gündən sülh danışıqlarının zəruriliyinə nə qədər çağırışlar edilib, döyüşün dayandırılması üçün təzyiqlər göstərilməsinə baxmayaraq, möhtərəm Prezidentimiz İlham Əliyev öz prinsipiallığını, əzmini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyevin istər ordumuzun zəfər yürüşünü davam etdirməsi istiqamətində göstərdiyi səylər, istərsə də Vətən müharibəsinin getdiyi 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz”.
Baş redaktor qeyd edib ki, təkcə 10 noyabr qələbəsi ərəfəsində, yəni 8-9 noyabrda qələbə xəbərlərinə diqqət yetirsək, Azərbaycan Ordusunun 44 gündə nə qədər böyük uğurlara imza atdığını, eyni zamanda, tezliklə işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağına əminlik yaratdığını da görürük. Cənab İlham Əliyev Qarabağın ürəyi olan şuşamızın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində zəfər yürüşünün davam etdiyini bildirdi. Müzəffər Ali Baş Komandan noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin, 8 strateji yüksəkliyin işğaldan azad olunması sevincini paylaşdı. Bütün bu uğurlarımız işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Bu gün artıq erməni politoloqları, siyasətçiləri də etiraf edirlər ki, imzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir. Naxçıvana Ermənistandan keçən quru yolunun razılaşmaya daxil edilməsi isə düşmən ölkədə «fəlakət» adlandırılır.
V.Rəhimzadə vurğulayıb ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi: “Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə, anarxiya və xaos, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin fəxrlə bəyanata imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir: “Azərbaycan yeni reallıqlar yaratdı, regionda yeni əməkdaşlıq formatını formalaşdırdı. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcək. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 10-da qələbə müjdəsini xalqa çatdırarkən bildirmişdir ki, bu tarixi sənədə imza atdığım üçün xoşbəxtəm: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
“Bu günün diqqət çəkən məqamlarından biri müharibənin getdiyi dövrlərdə məsələyə yanaşmasında müsbət mənada dəyişikliklər baş verən radikal müxalifətin bu gün Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlamalarıdır” söyləyən baş redaktor bu kimi addımların Azərbaycan ictimaiyyətində ikrah doğurduğunu bildirib: «Bu, həmin ünsürlərin xarici himayədarlarından yeni təlimat almalarına işarədir. Müharibənin getdiyi vaxtlarda özlərini xalqa vətənpərvər kimi təqdim edən radikal ünsürlərin bu gün mövqelərində 180 dərəcə dəyişiklik etmələri heç də təəccüb doğurmur. Çünki xalq onların bu simasızlığının, mənəviyyatsızlıqlarının, düşmən dəyirmanına su tökmələrinin daim şahididir. Amma unudurlar ki, dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri onlara heç vaxt başucalığı gətirməyib və gətirməyəcək. Dövlətimizin başçısı İlham Əliyevin atdığı hər bir addımın əhəmiyyətini azaltmağa, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan bu antimilli ünsürlər yenə də ənənələrinə sadiq olaraq xarici təlimatlar əsasında əldə olunan möhtəşəm qələbə ilə bağlı müxtəlif bəhanələrlə qərəzli, heç bir əsası olmayan müzakirələr aparır, gündəmdə qalmağa cəhd göstərirlər. Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı, şəxsi ambisiyalarının quluna çevrilmələri ucbatından Azərbaycan kapitulyasiya vəziyyətinə düşərək Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün ölkə Prezidenti, Ali Baş Komandan xalqımıza böyük ağrılar yaşatmış həmin səhvləri sarsılmaz siyasi iradəsi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, 30 il xalqımızın torpaq həsrəti ilə yaşamasının səbəbkarı olduqları üçün Azərbaycan xalqından üzr istəmək əvəzinə, xəyanət və riyakarlıq yolunu tuturlarsa, bu, o deməkdir ki, onların ermənilərdən heç bir fərqi yoxdur”.