Nəinki bu gün, bütün yüzilliklər boyu çoxəsrlik tariximizin bu şanlı səhifəsi daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcək. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bu sənəd Azərbaycanın qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin edir. 9 bəndlik bəyanat, orada əksini tapan müddəalar möhtəşəm qələbəmizin təqdimatıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Həmin bəyanata əsasən, 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 20 noyabr tarixinədək Ağdam rayonu və Qazaxın işğal altında olan kəndləri, 1 dekabra kimi isə Laçın rayonu qaytarılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, adları çəkilən rayonların, eyni zamanda, Xocalının, Xocavəndin, Tərtərin, Ağdərənin kənd və qəsəbələrində olduğu kimi, Xankəndidə, Kəlbəcərdə, Ağdamda, Laçında, ümumiyyətlə, işğaldan azad ediləcək bütün ərazilərimizdə də üçrəngli zəfər bayrağımız dalğalanacaq.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.
V.Rəhimzadə qeyd edib ki, 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ bölgəsi sanki yenidən doğulur, canlanır, dirçəlir: “Artıq razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiklərini təsdiqləyən videoreportajlar təqdim olunur. BBC-nin videoreportajında diqqət çəkən məqamlardan biri ermənilərin aparılması mümkün olan hər şeyi, hətta unitazı belə özləri ilə götürmələri, evləri tamamilə dağıtmaları, yandırmaları, ümumiyyətlə, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizi talan və qarət etmələridir.
Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Bugünümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il o kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdi!”.
“Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirlər” söyləyən V.Rəhimzadə vurğulayıb ki, müharibənin davam etdiyi günlərdə də təqdim olunan videogörüntülərdən onların bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvələrində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər. Dövlətimizin başçısı İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik: “Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.
baş redaktor bildirib ki, bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Düşünürük ki, nəhayət, dünyanın 30 ildən sonra açılan gözləri, eşidən qulaqları ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.