Home Manşet Tarix yazan ordunun Müzəffər Ali Baş Komandanı

Tarix yazan ordunun Müzəffər Ali Baş Komandanı

416
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixli səfəri əbədi yaddaşlara həkk olunacaq. Bununla da Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.

Biz Ali Baş Komandanın Füzuli və Cəbrayılda hansı coşqu ilə qarşılandığının şahidi olduq. Ötən 17 ildə cənab Prezident hər zaman öz xalqının yanında olub, öz vətəndaşının maraqlarını müdafiə edib. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Bununla da qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu.

Bu gün, hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Şanlı Qələbəmizin təməlində də məhz dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayandı. Bu mövqedən çıxış edən Ali Baş Komandan xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarı oldu, xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasını təşkil etdi.

İkinci Vətən müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Bununla müqayisədə yəni,Ermənistanda öz xalqından gizlənən baş naziri gördüyümüz zaman Azərbaycanda siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi, “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident bu səfəri ilə həmin nidanı qoymuş oldu.

Dövlətin və xalqın qarşılıqlı dəstəyi ölkəmizə daim güc verir. “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyən dövlətimizin müdrik başçısı dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi isə milli birliyimizin səbəbi oldu. Bu gün işğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Bir sözlə, Azərbaycanda son aylar yaşanan hadisələr bir daha göstərdi ki, xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Bütün bunlar xalq-iqtidar birliyinin daha bir göstəricisidir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı