Home Manşet Vüqar Rəhimzadə: Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir

Vüqar Rəhimzadə: Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir

308
0
SHARE

2020-ci il tarixə Azərbaycanın şanlı Qələbəsi ili kimi yazılmaqla yanaşı, COVID-19-la mübarizənin dərinləşdiyi, bu öldürücü virusun insanların sağlamlığını təhdid dövrü kimi də xarakterizə olunacaq. Hər iki cəbhədə mübarizə birliyimizi, həmrəyliyimizi vacib amil kimi önə çəkərək “Biz birlikdə güclüyük!” çağrışının real həyatda öz əksini tapması ilə diqqət çəkir. Kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu birliyə öz töhfəsini verməyə səy göstərir. Hər iki mübarizədə, ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının rolu danılmazdır. Onlar hər zaman dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə, xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər. Necə ki, həkimlərimiz onlardan şəfa gözləyən xəstələrin qayğısını çəkmək üçün gecəli-gündüzlü fədakarlıq göstərir, eynilə Azərbaycan polisi, təhlükəsizlik orqanlarının əməkdaşları da həyatlarını bütün hallarda riskə ataraq sabitliyin, təhlükəsizliyin təminatçıları kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan, əgər belə demək mümkündürsə, iki cəbhədə müharibə aparır. Hər iki müharibə ilk növbədə ölkədə sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, ayıq-sayıq olmağa çağrışlar edir: “Hər kəs bu reallığın şahidi oldu ki, bu çətin günlərdə dövlətin, xalqın təhlükəsizliyinin təminatı, insanların sabit, təhlükəsiz şəraitdə yaşaması prioritetdir, bu missiyanı yerinə yetirən qurumlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və müasir iş üslubu olsun. Ümummilli Liderin bu fikirləri Azərbaycanın hazırkı reallıqlarında öz aydın ifadəsini tapıb. Azərbaycanın dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər. O cümlədən bu gün Azərbaycan polisi dövlətə və xalqa sədaqət kimi ali prinsipləri rəhbər tutaraq insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyində ayıq-sayıq dayanır. Onların əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Bu təkmilləşmənin, yeniləşmənin nəticələri istər COVID-19-la mübarizə, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, sabitliyinin yüksək səviyyədə təmin olunmasında özünü qabarıq şəkildə göstərir. Vətən müharibəsinin gedişində Azərbaycan sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, tolerant ölkə olduğunu da bir daha təsdiqlədi. Yeni dövrün tələblərinə və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönələn islahatlar beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda həmişə olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi dövründə də sabitliyin təmin olunmasına, beynəlxalq erməni terrorizminə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açdı.”

Baş redaktor diqqəti Azərbaycan polisinin fədakarlığına da yönəldərək bildirib ki, sərt karantin dövründə sosial şəbəkələrdə təqdim olunan videogörüntülərdə asayiş keşikçilərinin insanların qayğıları ilə yaşayaraq humanizm prinsiplərinə əsaslanmaqla onlara necə böyük dəstək göstərdikləri öz əksini tapır: “Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayının artması məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirir ki, bu da öz növbəsində Azərbaycan polisini daha da ayıq-sayıq olmağa çağırır. Bəzi rayonlara gediş-gəlişə qoyulan qadağalar keçid məntəqələrində polislərin iş funksiyasının gərginliyini artırır. Polisimiz virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmasına nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq addımlar atır. Beləliklə, mübaliğəsiz demək olar ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanları sırasındadır.”

“Bu gün Azərbaycan şanlı qələbəni qeyd edir” söyləyən baş redaktor bildirib ki, koronavirus infeksiyasının coğrafiyasının genişləndiyi indiki məqamda Azərbaycan Ordusunun tarix yazması, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etməsi insanların öz sevinclərini paylaşmaq üçün küçə və meydanlara axışması ilə nəticələnir ki, bu da hazırkı dövrdə böyük riskdir. Amma Azərbaycan polisi hər kəsin sevincinə şərik olmaqla yanaşı, ictimai asayişi qorumaq üçün üzərinə düşən vəzifəni də layiqincə, heç bir xoşagəlməz hallar yaşanmadan yerinə yetirməyə səy göstərir: “Dövlətimizin başçısı İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, hərbi vəziyyətlə əlaqədar ölkəmizdə komendant saatı elan olundu. Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində polis postları qurulub və asayiş keşikçilərimiz hərbi vəziyyətin tələblərinə uyğun olaraq öz vəzifə səlahiyyətlərini yüksək peşəkarlıqla və vicdanla yerinə yetirirlər.”

Vüqar Rəhimzadə bildirib ki, hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışla əlaqədar olaraq hazırlıq işləri görülür: “Dövlətimizin, xalqımızın təhlükəsizliyinin, ictimai asayişin təminatçıları böyük qürur hissi ilə bu qayıdışa hazırlıq işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Birliyimizin, həmrəyliyimizin sayəsində əldə edilən tarixi Qələbə bir daha bu reallığı təsdiqlədi ki, xalqın və dövlətin yüksək səviyyədə təhlükəsizliyi mühitinin formalaşması, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Xalqımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Azərbaycan Ordusu ilə, həmçinin təhlükəsizliyimizin, sabitliyimizin təmin olunmasında xüsusi rolu olan təhlükəsizlik orqanları və Azərbaycan polisi ilə fəxr edir. Birliyimiz yeni-yeni hədəflərə nail olmağımıza, ölkəmizin gələcək inkişafına daha böyük imkanlar açır.”