“Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Şübhəsiz ki, dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da azad olunacaq və beləliklə də sübut olunur ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Bu mənada bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub: “Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz çıxşılarında dəfələrlə qeyd etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Bu kontektsdə Prezident İlham Əliyev beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atıb, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilib”.
“Ermənistan uğursuz ölkədir və bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək: “Ağdam şəhərinin bərpası üçün də baş plan hazırlanacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Ağdam yenidən öz şöhrətini bərpa edəcək. Ağdamın azad edilməsinə səbəb olan ikinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.