Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir. Azərbaycan hökuməti bu yüklərin aparılması, aidiyyəti üzrə çatdırılması üçün lazımı şəraiti yaradır. Bu yüklərin məhz Azərbaycan vasitəsilə çatdırılması eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, münaqişənin tənzimlənməsində ən aktiv rol oynayan dövlətlərdən biri Rusiya oldu:
“Fransa prezidentindən fərqli olaraq Vladimir Putin özü dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdi, Azərbaycanın müttəfiqlərini seçmək hüququnun olduğunu dedi.
Digər tərəfdən, məlumdur ki, Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur. Bu qədər yüklərin təyyarələr vasitəsilə daşınması, daha sonra isə buraxılış imkanları məhdud olan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa çatdırılması həm böyük vaxt itkisinə, həm də böyük məbləğdə məsrəfə səbəb olur”.
Deputat onu da qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin gücləndirilməsinə və inkişafına xüsusi önəm verib:
“Bu əlaqələrin yüksək səviyyədə olması və inkişafı birgə regional layihələrin həyata keçirilməsinə öz töhfəsini verir”.
C.Məmmədov əlavə edib ki, bu gün Ermənistanın bu vəziyyətə düşməsi onun apardığı yanlış daxili və xarici siyasətlə birbaşa bağlıdır:
“Ermənistanın regional faktorları nəzərə almaması bugünkü rəzil duruma düşməsinə bilavasitə səbəb oldu.
Azərbaycan isə güclü və suveren dövlətdir, regional əməkdaşlığa, ikitərəfli və çoxtərəfli birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bu da ölkəmizin suverenliyinin, milli təhlükəsizliyinin qorunmasına, təhdidlərin qarşısının öncədən alınmasına öz ciddi töhfəsini verir”.