Home Cəmiyyət 2018-ci il qəzasının təkrarlanmaması üçün “Azərenerji” yeni sistem yaradır

2018-ci il qəzasının təkrarlanmaması üçün “Azərenerji” yeni sistem yaradır

505
0
SHARE

2018-ci ildə enerjisistemdə baş verən qəzanın bir daha təkrarlanmaması üçün “Azərenerji” qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessorlu rele mühafizəsi və modernləşdirilmiş yeni əks-qəza avtomatikası sistemi formalaşdırır.

“Azərenerji” nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yenilənmiş sistemin sayəsində hansısa bir elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və ya xətdə baş verəcək qəza avtomatik olaraq lokallaşdırılacaq və bununla da saniyədən də az müddətdə ümumi sistemi əhatə etməsinin qarşısı alınacaq: “Artıq layihələndirilən müasir mikroprosessorlu əks-qəza avtomatikası sistemi üçün xarici ölkələrdən gətirilən avadanlıqların hamısı qurlaşdırılıb ki, onların da 90 faizi işə qoşulub, digərlərində isə sazlama işləri davam edir. Eyni zamanda son iki ildə tikilən və yenidən qurulan bütün elektrik stansiyaları və yarımstansiyalarda birbaşa yeni sistem tətbiq edilir. Yenidənqurmaya getməmiş köhnə elektrik stansiya və yarımstansiyalarda isə elektro-mexaniki mühafizə sistemi müasir sistemlə əvəzlənir. Həmçinin köhnə stansiya və yarımstansiyalarda lokal SCADA sistemi yaradılaraq Mərkəzi SCADA Dispetçer Sisteminə inteqrasiya edilir.

“Azərenerji” yeni əks-qəza avtomatikası və mikroprosessorlu rele mühafizəsi ilə yanaşı SCADA Dispetçer İdarəetmə Sisteminin yenidən qurulması, tezliyin tənzimlənməsi və reaktiv gücün konpensasiyası istiqamətində də ciddi layihələr gerçəkləşdirir.

Qeyd edək ki, 2018-ci ildə qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyası son iki il ərzində tam yenidən qurulub. Paralel olaraq 12 elektrik stansiyası və 20-dən artıq yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri aparılıb və aparılmaqdadır”.