Aprel döyüşlərində yaralı komandirini mühasirədən xilas etmişdir. Onun bu kimi başqa igidlikləri çox idi. Lakin heç vaxt özü haqda danışmağı sevməzdi.
Trend-in məlumatına görə, bunu II Qarabağ müharibəsində şəhid olan 35 yaşlı İlyas Nəsirovun həyat yoldaşı Aytəkin Nəsirov bildirib.
Onun sözlərinə görə, Beyləqan rayonunun Milabad kəndində anadan olan, Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirən İlyas 2002-ci ildə hərbi xidmətə yollanmışdır, kəşfiyyat bölüyündə xüsusi təlim keçmişdi. O illər ərzində intizamı ilə seçilən İlyas 2007-ci ildə hərbi xidməti başa vursa da, hərb sənətinə ruhən bağlılığını hiss edir və daha da mükəmməl bilgilərə sahib olmaq üçün müdavim təlimlərinə başlamışdı. Daha sonra N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində çalışır.
Şəhidin həyat yoldaşı bildirir ki, İlyas vaxtının çox hissəsini gecə kəsfiyyatı təlimlərinə sərf edirdi: “Həmyaşıdları, özündən yaşca böyük yoldaşları ona “dayı” deyə müraciət edirdilər. Çox sadə və mərd insan idi. Həmişə özündən başqalarını daha çox düşünürdü.O, Aprel döyüşlərində göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının prezidentinin 2016-cı il 19 aprel tarixli 1967-ci nömrəli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur və bu mükafatı ona İlham Əliyev şəxsən özü təqdim etmişdir.
2-ci Qarabağ müharibəsində də İlyas bir an belə geri çəkilmədi, həmişə peşəkar bir kəşfiyyatçı kimi öndə getdi,bqızğın döyüşlərdə iştirak etdi. İlyas 21 oktyabrda şəhidlik zirvəsinə ucaldı. Onun 3 övladı atasız qaldı”.