Home Manşet Torpaqlarımızın işğaldan azad edilməsi dövründə də İtaliya yanımızda olduğunu göstərdi

Torpaqlarımızın işğaldan azad edilməsi dövründə də İtaliya yanımızda olduğunu göstərdi

334
0
SHARE

Bu gün İtaliya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə davam etməsi onu göstərir ki, münasibətlər müttəfiqlik əlaqələrinə yaxındır. Azərbaycanla İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi-mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı iki ölkə arasındakı münasibətləri eyni məqsəd naminə birləşdirir.

Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın müqavilələr imzalayıblar bu halda Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. İtaliya şirkətləri  ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə işlərdə podratçı kimi iştirak edirlər. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Nəzərə alsaq ki, əvvəlki dövrlərdə və hazırda da İtaliya xam neft ixrac edir və eyni zamanda növbəti illərdə də İtaliya Azərbaycan arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşır. Çünki, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan İtaliya bazarına mavi qaz nəql edəcək. Beləki, TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.

Məlum olduğu kimi, müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Son illərdə isə Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Bu isə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən investisiyaların strukturunda İtaliya sərmayəsinin payını artırır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməsi dövründə də İtaliya haqlı olaraq yanımızda olmasını göstərdi. İtaliyanın Neapol şəhərinin Ottaviano, Liveri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələrinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzünü pisləyən sənədlər qəbul etməsi, bir sıra siyasətçilərin, parlamentarilərin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatlar verməsi, eyni zamanda, İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi, onların Gəncə və Ağdam şəhərlərində ermənilərin mülki əhaliyə qarşı törətdikləri vandalizmə, eyni zamanda erməni barbarlığına şahidlik etmələri bir daha onu göstərir ki, bu səfərin İtaliyanın Azərbaycanla münasibətlərində xüsusi yeri var.  Bu əsasda növbəti mərhələdə  işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması zamanı İtaliya şirkətlərinin cəlb olunması məqsədəuyğun olardı.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı