Home Cəmiyyət AAYDA Ucardakı yol layihəsi ilə bağlı iddialara cavab verdi

AAYDA Ucardakı yol layihəsi ilə bağlı iddialara cavab verdi

612
0
SHARE

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ucar rayonunun Müsüslü kəndinin yol layihəsi ilə bağlı bir qrup sakinin iddiasına cavab verib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, adıçəkilən layihədə heç bir dəyişiklik olmayıb və iddialar əsassızdır: “Həmin kənddə bir qrup sakin var ki, onların yaşadıqları evlər həmin layihəyə paralel ərazidən keçir. Həmin şəxslər istəyirlər ki, evlərinin qarşısına asfalt döşənsin. Onların iddia etdikləri ərazi kənddaxili ərazidir və həmin küçə bizim deyil, bələdiyyənin balansındadır. Bizim layihə isə kəndin içərisindən keçən əsas yolda həyata keçirilir. Kəndin orta məktəbi, uşaq bağçası və digər infrastruktur bizim çəkdiyimiz yolun üzərində yerləşir. Bu sakinlər isə istəyirlər ki, asfalt döşəmə həmin əsas yola deyil, kənar küçəyə çəkilsin. Onlar iddia edirlər ki, guya layihə dəyişdirilib. Amma bu yalandır, layihədə heç bir dəyişiklik yoxdur. Layihə əsas yol üçün nəzərdə tutulub və həmin ərazidə də hazırda iş gedir”.

A.Nəcəfli bildirib ki, həmin şikayətçilərdən biri ötən həfə telekanallara müsahibə verib və layihənin icrası üçün təşəkkür edib: “Sonradan kimsə həmin şəxsi öyrədib və o da narazılıq edir. Şikayətçilərin etirazı tam haqsızdır, heç bir əsası yoxdur. Bu bir qrup şəxs görülən işlərə kölgə salmaq üçün bu addımı atıb. Ölkə başçısı vəsait ayırıb ki, kəndə yol çəkilsin, əhalinin rayona gediş-gəlişi asanlaşsın, sakinlərin kənd təsərrüfatı məhsullarının rahat daşınmasına şərait yaradılsın, bir qrup şəxs isə bu işlərə mane olur. Uzun illərdir ki, həmin ərazidə yol yoxdur. Dövlət insanların rahatlığı üçün lazım olan addımlar atır, amma bəzi şəxslər görülən işlərə kölgə salmaq istəyir”.

Xatırladaq ki, Ucar rayonunun Müsüslü kəndinin bir qrup sakini kəndə çəkilən yeni yolun layihəsinin bilərəkdən dəyişdirilməsi barədə şikayət yayıb.