Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır

Sədaqət Vəliyeva: Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır

311
0
SHARE

“Bütün dünya şahiddir ki, bu günlərdə Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsi yazılır. Son tarixi proseslər ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü “Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycan qazandığı qələbə əsasında qardaş Türkiyə ilə yeni tarixi nailiyyətlərə imza atacaq, daha böyük uğurlar qazanacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi, münaqişədə tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Əlbəttə ki, qardaş Türkiyənin Azərbaycanın qələbəsindən sonra bölgədə sülhün qorunması və infrastruktur, inkişaf, bərpa prosesində də yaxından iştirak edəcəyinə heç kəs şübhə etmir”.

“Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur” – deyən  Sədaqət Vəliyeva əlavə edib ki, hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının əsas səbəblərindən biri də məhz iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır: “Vətən müharibəsinin siyasi-diplomatik mərhələsi də böyük qələbə ilə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyacaq. Bu başlanğıc isə sülh, sabitlik və inkişafdır”.