ABŞ-ın Türkiyəyə qarşı sanksiya irəli sürməsi bir daha sübut edir ki, qardaş ölkənin regiondakı siyasi maraqları, eləcə də güc mərkəzinə çevirlməsi gerçəkliyi bir sıra qərəzli hərbi-siyasi dairələr tərəfindən həzm olunmur.
Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Türkiyə müstəqil dövlətdir və ona digər başqa heç bir ölkə təsir edə bilmək ixtiyarında deyil: “Bəli, Türkiyə NATO-nun üzvüdür və ABŞ-la da hərbi müttəfiqliyi mövcuddur. Amma bu o demək deyil ki, ABŞ dövlət səviyyəsində, yəni öz maraqlarının təmin olunmasına görə Türkiyəyə diktə edə bilər. Türkiyə nəinki Rusiyadan, habelə digər istənilən ölkədən müxtəlif məqsədli hərbi komplekslər ala, yaxud öz hərbi komplekslərini başqa ölkələrə sata bilər. Bu məsələyə kimsənin qarışmağa, təsir etməyə hüquqi əsası yoxdur.
Digər tərəfdən, biz bilirik ki, Türkiyə uzun müddət ABŞ-dan hava hücumundan müdafiə sistemlərini almaq istədiyini bəyan edib, lakin amerikalılar türklərin bu təklifinə cavab verməyiblər. Necə ki, F-35 qırıcılarının da ətrafında bu müzakirələr aparılmışdı və nəticəsiz qalmışdı. Belə olan halda, Türkiyə müstəqil dövlət kimi öz hava hüdudlarının müdafiəsini təmin etmək üçün Rusiyaya təklif ünvanladı və S-400-ləri əldə etdi. Burada heç bir qanunsuzluq, ya da maraqları pozmaq məqsədləri mövcud deyil, lakin özlərini dünyanın hegemon dövləti, güc mərkəzi hesab edən amerikalılar Türkiyənin hərbi arsenalını rusların zenit-raket kompleksləri ilə təmin olunmasından təəssüf ki, qıcıqlanırlar. Sual edilə bilər ki, yaxşı, əgər buna razı deyildinizsə, hansı səbəbə görə NATO-dakı müttəfiqinizin daha əvvəl irəli sürdüyü təklifinə etinasız yanaşmışdınız? Məncə, amerikalılar indi bu sual ətrafında düşünməlidirlər, nəinki Türkiyəyə qarşı sanksiya irəli sürməkdənsə…”
Siyasi ekspert onu da bildirib ki, əgər ABŞ buna görə Türkiyəni qınayırsa, bu zaman NATO-da təmsil olunan digər müttəfiq ölkələrinə qarşı da sanksiyalar irəli sürsün: “Amma biz bunu görmürük və istər-istəməz belə nəticəyə gəlirik ki, ortada açıq-aydın qərəz var – bir müsəlman ölkəsinin yerləşdiyi regiona nəzarətini gücləndirməsi, siyasi, iqtisadi, hərbi gücünün get-gedə artması, təsir qüvvəsinin daha perspektivli olması. Bax, budur Amerikanı ciddi şəkildə narahat edən”.
“Amma onlar əslində real bir hadisədən narahat olmalıdırlar – Türkiyə kimi gücü NATO-dan itirmək təhlükəsindən”, deyə bildirən “SƏS” qəzetinin baş redaktoru fikrini bu cür izah edib: “Təsəvvür etsək ki, Türkiyə NATO-da ikinci ən güclü hərbi gücə malik olan ölkədir və bu cür qərəzlərə görə adıçəkilən alyansı tərk edərsə, bu zaman həmin qurumun nə qədər ağır zərbəyə məruz qalacağını bəri başdan ehtimal etmək olar. Çünki Türkiyə nəinki yerləşdiyi regionda, habelə dünyanın müxtəlif bölgələrində qlobal anti-terror əməliyyatlarında iştitak edir və o cümlədən, bu iştirakı ilə hətta ən aparıcı Avropa ölkələrinin hərb sistemlərini istər texnikası, istərsə də canlı qüvvəsi ilə üstələyir. Təbii ki, ABŞ sanksiya tətbiqini realizə etməkdənsə, bunu öncədən düşünməliydi. Təəssüf ki, Qərbin ikili standartları, islamafobiya xarakterli təşvişləri ilə də paralellik təşkil edir, sonda bu cür ədalətsizliklər baş qaldırır. Bunu Prezident İlham Əliyev də məlum məsələyə görə münasibətində bəyan edib və vurğulayıb ki, ABŞ tərəfindən Türkiyəyə tətbiq edilən birtərəfli sanksiya ikili standartların təzahürü və qanunsuzluqdur”.
“Hesab edirəm ki, belə sanksiyaların Türkiyənin müstəqil və qətiyyətli siyasətinə heç bir təsiri olmayacaq”, deyən Bəhruz Quliyev onu da vurğulayıb ki, əksinə, Türkiyə öz növbəsində cavab sanksiyaları ilə ABŞ-a qarşı müəyyən addımlarını ataraq bir daha sübut edəcək ki, o dünyanın yeni güc mərkəzidir: “Əlbəttə ki, qardaş ölkənin istənilən vəziyyətində Azərbaycanın da onun yanında dayanması, sona qədər birlik, əzmkarlıq nümayiş etdirməsi kimsədə şübhə doğurmamalıdır. Bu baxımdan, amerikalıların qərəzli mövqelərinin növbəti dəfə təsirsiz qalacağını indidən proqnozlaşdıra bilərik”.