Home Cəmiyyət Həyatımıza yeni normalarla davam etməliyik – Mütəxəssis

Həyatımıza yeni normalarla davam etməliyik – Mütəxəssis

617
0
SHARE

Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bu gündən bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilib. Bunun üçün müəyyən qaydalar müəyyən edilib.

Trend-in məlumatına görə, kafe və restoranların fəaliyyətə başlamasını müsbət qiymətləndirən qida üzrə mühəndis İsa Əliyev bunun üçün qəbul edilən yeni davranış normalarına əməl etməyin zəruriliyini vurğulayıb:

“Azərbaycanda COVID-19 pandemiyası yayılmağa başlayanda Qida Təhlükəsizlyi Agentliyi bir sıra metodiki göstərişlər və normativlər qəbul edib. Həmin normativlər əslində, əvvəllər də insan sağlamlığını sadəcə virusdan deyil, eyni zamanda baktereoloji kontaminasiyalardan qoruyan amillər idi. Hazırda kofe və restoranların açılmasını müsbət qiymətləndirirəm. Nəticə etibarilə bu virus həyatımızda varsa, bir çox Avropa ölkələrində olduğu yeni normaları biz də qəbul edib onlarla birgə həyatımıza davam etməliyik”.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. İctimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə istisna olmaqla) həyata keçirilməlidir. Hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır. Qərara əsasən, ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Ekspertin sözlərinə görə, həmin xidmət obyektlərində sanitar və gigiyenik qaydalara riayət olunması, eyni zamanda ara məsafələrinin qorunması, iaşə obyektlərindəki personalın, xüsusən mətbəxdəki işçilərin, aşpazların maska, bone və əlcəklərdən istifadə etməsi vacibdir. Stollar arası məsafənin minimum 2 metrdən, şəxslər arasındakı məsafənin isə 1 metrdən az olmaması tələb edilir:

“Mən güman edirəm ki, çoxdandır işləməyən obyektlərinin sahibləri və oradakı işçilər bu qaydalara maksimum dərəcədə riayət edəcəklər. Çünki nəzərə alsaq ki, iaşə obyektlərinin bağlanması onlar üçün çox ciddi iqtisadi problemlərə gətirdi. Ona görə də onlar bir daha bu şəkildə qapanmaların olmaması üçün qaydalara riayət edəcəklər”.

Digər tərəfdən bu qaydaların sadəcə viral məqsədlər daşımadığını xatırladan ekspert bildirib ki, insanlar baktereoloji kontaminasiyadan da zəhərlənə bilərlər. Bu kimi profilaktik tədbirlər həm də insanları belə təhlükələrdən qorumuş olur. Ona görə bu qaydaları çox yüksək qiymətləndirib və qənaətbəxş hesab edib.
Yeri gəlmişkən, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir, sahibkarlarla maarifləndirici söhbətlər aparılır, onlara müvafiq metodiki göstərişlər paylanılır. Qaydaların pozulmasına görə isə qanunvericilikdə xüsusi cəzalar nəzərdə tutulub:

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərin pozulmasına görə:
– fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

– vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

– yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

– hüquqi şəxslər 4000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərin pozulmasına görə:

– fiziki şəxslər 100 manat məbləğində cərimə edilir.

– vəzifəli şəxslər 200 yüz manat məbləğində cərimə edilir.

– hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə müəyyən edilmiş tələblərin pozulmasına görə:

– fiziki şəxslər 200 manat məbləğində cərimə edilir.

– vəzifəli şəxslər 400 manat məbləğində cərimə edilir.

– hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Mövcud şəraitdə cərimə mexanizmi qaçılmazdır. İnsanlar yeni davranış qaydalarını qəbul edənə qədər mümkün olan bütün vasitələr istifadə edilməlidir. İctimai iaşə obyektlərinin fəaliyyəti əslində digər seqmentlərdə də sahibkarlıq subyektlərinin yeni dönəmə nə dərəcədə hazırlıqlı olduqlarını nümayiş etdirəcək. Bu çətin günlərə yenidən qayıtmaq istəmiriksə, vətəndaşlar, sahibkarlar, hər birimiz Yeni Həyat Tərzini qəbul etməliyik!