Home Manşet Vüqar Rəhimzadə: “Doing Business 2020” hesabatına düzəliş Azərbaycanda biznes mühitinin düzgün dəyərləndirildiyini...

Vüqar Rəhimzadə: “Doing Business 2020” hesabatına düzəliş Azərbaycanda biznes mühitinin düzgün dəyərləndirildiyini bir daha nümayiş etdirdi

295
0
SHARE

«Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması əsas amillərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında biznes mühitinin yaxşılaşdırılmasını prioritet vəzifə kimi qarşıya qoyur. Azərbaycanda bu sahədəki mövcud  durum dünyada biznes mühitinin qiymətləndirilməsi üçün  ən vacib reytinq göstəricisi hesab edilən “Doing Business”in hesabatlarından da aydın görünür.  Hesabatlara  diqqət yetirdikdə açıq-aydın müşahidə etmək olur ki, Azərbaycanın reytinqinin ildən-ilə  yüksəlməsi ölkəmizdə  biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların uğurlu nəticələrinə əsaslanır.  Diqqətəlayiq haldır ki, “Doing Business 2020” hesabatına düzəlişdə Azərbaycanın mövqeyi daha da yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib. Azərbaycanın  reytinq cədvəlində 6 pillə irəliləməsi, dünyanın 10 islahatçı ölkəsı sırasında qərar tutması da ölkədə həyata keçirilən təkmil islahatların, idarəçilik sistemində yeniləşmənin əyani təzahürüdür.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması,  əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır: “Yeni inkişaf modelində  əsas hədəflərdən biri məhz  sahibkarlığın inkişafını sürətləndirmək üçün atılan addımların miqyasını daha da genişləndirməkdir. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, daim yeni tələblər irəli sürülür, qarşımızda yeni  çağırışlar dayanır.  Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.”

“Hər hansı bir ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, o ölkənin zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır” söyləyən baş redaktor qeyd edib ki,  bu fikir beynəlxalq səviyyəli tədbirlərdə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır:  Yoxsul deyil,  yaxşı idarə edilməyən ölkələr var. Bu gün hər sahədə nümunə kimi qəbul olunan Azərbaycanın idarəçilik təcrübəsi beynəlxalq səviyyədə də təqdir edilir, yüksək  dəyərləndirilir.

Vüqar Rəhimzadə diqqəti Azərbaycanın dünyanı bürüyən pandemiya dövründə belə biznes mühitinin yaxşılaşdırılması, iş adamlarına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində atdığı addımlara  yönəldərək bildirib ki, ölkəmizin inkişaf modelinin beynəlxalq səviyyədə təqdir olunması təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir: “Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olması reallıqdır.  Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət»,  ABAD, DOST layihələrinin hər biri ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən addımlar sırasındandır. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə start verildiyi ilk gündən dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında  20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramının həyata keçirilməsi məqsədilə Fəaliyyət Proqramının icrasına başlanıılması da ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət etməkdədir. Həmin yardım proqramında özünüməşğulluq  proqramının icrasına dəstək də xüsusi yer tutur. İlk gündən bu əminlik  ifadə edildi ki, dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə  Azərbaycan ən böyük iqtisadi dəstək proqramı nəticəsində  pandemiyanın iqtisadiyyata  mənfi təsirini minimuma endirəcək,  makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək. Bu yardım proqramları ölkəmizin iqtisadi və sosial gücünün  təqdimatı kimi dəyərləndirildi.  İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan  neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə  həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırır. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin  icrasını sürətləndirir. Təbii ki, bu addımlar, ümumilikdə, ölkəmizin davamlı inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına yönəlib.”

Baş redaktor bildirib ki,  Dünya Bankının  “Doing Business 2020” hesabatına düzəliş dünyanın hansı çətinlikləri yaşanmasına baxmayaraq Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq imkanında olduğunu təsdiqlədi: “Doing Business 2019” hesabatında da Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qiymətləndirilmişdi. Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm maliyyə institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verib.“Doing Business” hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın istər bu nüfuzlu beynəlxalq  maliyyə qurumu, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edir.”