Home Manşet Azərbaycan Prezidenti: Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib

Azərbaycan Prezidenti: Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib

313
0
SHARE

Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

“Haqqında söhbət açmaq istədiyim ikinci mövzu Azərbaycan ilə Ermənistan arasında müharibə məsələsidir. Bu müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb. Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, bizim səylərimiz, o cümlədən vəziyyətin informasiya təminatı ilə bağlı səylərimiz sayəsində Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq.

Baş verənlər barədə həmkarlarımı qısaca məlumatlandırmaq istərdim. Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə 1993-cü ildə Azərbaycan əhalinin sayına görə ən yüksək qaçqın faizinə malik idi: Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı”.