Home Manşet Prezident İlham Əliyev: Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolu da...

Prezident İlham Əliyev: Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolu da çəkilməlidir

304
0
SHARE

İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Orada həm ənənəvi, həm bərpaolunan enerji növləri geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrdən danışarkən bildirib.

Dəmir yolları ilə bağlı hazırlıq işləri getdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər halda indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”.

Prezident, həmçinin bildirib ki, Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir.

“Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.