Soros Fondunun oyuncağına çevrilən Ermənistanda faşizmin ən qabarıq təzahürləri açıq aydın görünür. Ermənistanda faşizmin təbliği ön plandadır. Bəs necə oldu ki, Soros Fondu və və faşizm Ermənistanda birləşdi?
Soros Fondu nədir və ya kimdir?
Soros fondu Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantrop Corc Sorosla birbaşa bağlıdır. Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C.Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir.
Hal-hazırda o, “Soros” İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-ın Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C.Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.
Hazırda 70-dən çox ölkədə Soros Fondunun yerli ofisləri var. Fondun rəsmi məlumatına əsasən, 2017-ci ildə Soros fondlarının illik büdcəsi 940 milyon dollar olub. Yarandığı 1984-cü ildən bu yana Soros Fondu 14 milyard pul xərcləyib. Hazırda fondun dünya ölkələrində 1400 nəfər işçisi var.
Dünyanın bir çox ölkələri Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Soros Fondu liberal dəyərlərin yayılmasının əsas maliyyə dəstəkçisi kimi qəbul olunur və bu səbəbdən də əsasən sağ mühafizəkar hökumətlərin hədəfindədir.
Bəs Soros və Ermənistan arasındakı əlaqə nədir?
2018-ci ildə Ermənistanda baş vermiş ermənisayağı “məxməri inqilab” bu ölkədə uzun müddətdir gizli formada cərəyan edən prosesləri gün üzünə çıxardı. Məşum inqilab ölkədəki “anti-rus əhval ruhiyyəsi”nin “anti-rus cəbhəsi”nə çevrilməsində “tətikləyici” rolunu oynamaqla rus sərmayəsinə və biznesinə yönəlik qəzəb dalğasına çevrildi. Eyni zamanda, “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə sözügedən ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı.
Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan “Açıq Cəmiyyət Fondu – Ermənistan” (Soros Fondu) demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çatdı. Ermənistanın baş naziri Sorosun bir nömrəli adamı oldu.
Kiçik bir xatırlatma edək:
Ermənistanın baş naziri RBK-ya müsahibəsində “Sizin Soros Fondu ilə yaxşı əlaqələriniz var. Bu, necə olur? Axı bu, Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir edir” sualına “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Koçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?” şəklində cavablandıraraq Soros Fondu ilə yaxşı əlaqələrinin olmasını gizlətməmişdi. Əksinə Soros fondunun daha əvvəldən Ermənistanda olduğunu etiraf edirdi
Soros fondu Ermənistanda təkcə “medianın inkişafı” adı altında 5 milyon dollardan çox pul xərcləyib. Bu media orqanları da Paşinyanın hakimiyyətə gəlməsində və Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətə baxmayaraq hakimiyyətdə qalmasında müstəsna rol oynayır.
Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başlamışdır. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Eyni zamanda, bu günlərdə “Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb.
Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab etmək üçün səy göstərmişdir, amma onun ən uğurlu olduğu ölkə Ermənistan olub. Artıq birmənalı şəkildə deyə bilərik ki, Ermənistan Corc Sorosun idarə etdiyi ölkəyə çevrilir.
Bəs Sorosun oyuncağı – Paşinyan Ermənistanını faşizmə bağlayan nədir?
Bu gün Ermənistanın faşist dövlət olması heç kimə sirr deyil. Ermənistan dövləti hər zaman faşizmi, irqiçiliyi, nasizmi dövlət siyasətinə çevirib.
Ermənistanda faşizmin milli qəhrəmanı isə Qaregin Njdedir. 1930-cu illər də Bolqarıstandan ABŞ-a gedən və erməni millətinin qəhrəmanı sayılan Qaregin Njde (Ter-Arutyunyan) tərəfindən yaradılmış ideoloji təlimə “Tseqakron” adı verilib.
İkinci Dünya Müharibəsi zamanı isə Njde Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir. Faşist Almaniyasının tabeliyində Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak edirlər.
Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazandırmağa çalışır. Lakin həbs olunur. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölüb.
Bütün dövrlərdə Ermənistanda isə hakimiyyət səviyyəsində faşist Njdeyə münasibət fərqli olub. Onun cəmiyyətdə qəhrəmanlaşdırılması aparılıb.
28 may 2016-cı ildə İrəvanda prezident Serj Sarkisyanın şəxsi iştirakçı ilə Qaregin Njdeyə qoyulmuş heykəl açılıb. Həmin vaxt bu hadisə birmənalı qarşılanmadı və Rusiya və bir çox ölkələrin haqlı narazılığına səbəb oldu.
Faşizmin “yeni” tarixini yazan baş nazir – Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Faşist Njdenin ideologiyası ilə bəslənən Ermənistan rəhbərliyi öz faşist mahiyyətini 2020-ci ildə Azərbaycanla aparılan müharibədə açıq şəkildə göstərdi. Çıxılmaz vəziyyətdə faşist taktikasından istifadə edən Paşinyan dinc Azərbaycan əhalisini atəşə tutdu. Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə yaşayan dinc əhaliyə qarşı kasetli bombalardan istifadə olundu.
Nəticədə, 100 dinc sakin həlak oldu, 416 olan nəfər isə müxtəlif dərəcədə yaralandı.
Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan dilli xidmətin müdiri