Home Manşet 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək...

2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür – Deputat

327
0
SHARE

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması dövlətimiz tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Bu baxımdan, bu il dahi Nizaminin 880 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, cənab Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Ölkə başçısının son dövrdə bu istiqamətdə verdiyi sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər xüsusi qeyd edilməlidir. 2020-ci ilin fevral ayında isə möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya səfəri zamanı Roma şəhərində ucaldılan bəşəri şairimizin heykəlini ziyarət etmələri bir daha dünya ictimaiyyətinə ölkə rəhbərliyinin Azərbaycan mədəniyyətinə, milli dəyərlərimizə olan xüsusi diqqətini nümayiş etdirib.

Millət vəkilinin sözlərinə görə dahi Nizami öz əsərlərində Bərdənin gözəlliyini də təsvir edib: “Onun “İsgəndərnamə” poemasında Makedoniyalı İsgəndərlə Bərdə hökmdarı Nüşabənin görüşü də təsvir olunur. Bildiyimə görə, müvafiq təşkilatlar tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində Bakıda, Gəncədə tədbirlər keçiriləcək. Nizami Gəncəvinin öz əsərlərində Bərdəyə də yer verməsini nəzərə alsaq, çox yaxşı olardı ki, bu şəhərdə də tədbirlər təşkil olunsun. Bu baxımdan, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin Bərdədə Nizami Gəncəvinin öz əsərlərində təsvir etdiyi üslubda çox gözəl bir kompleksin və ya parkın yaradılması təklifini dəstəkləyirəm”.

Deputat təmsil etdiyi Bərdə şəhərində dahi Nizami Gəncəvinin heykəlinin olduğunu, amma vaxtilə rayonda aparılan abadlıq-quruculuq işləri zamanı abidənin götürüldüyünü xatırladıb: “Bərdə rayonunda Nizami Gəncəvi heykəlinin bərpası ilə bağlı rayon Ağsaqqallar Şurası və rayon ictimaiyyəti tərəfindən mənə müraciətlər olunmuşdur və məsələ ilə bağlı keçən il tərəfimizdən Mədəniyyət Nazirliyinə müraciət göndərilmişdir.

Hesab edirəm ki, bu ilin cənab Prezident tərəfindən ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasını nəzərə alaraq Bərdə şəhərində dahi şair-mütəfəkkir Nizaminin heykəlinin yenidən ucaldılması məqsədəuyğun olardı. Şairin yaratdığı Nüşabə obrazının Bərdə şəhərinin mərkəzində abidəsi olduğu halda Nizami Gəncəvinin heykəlinin olmaması çox paradoksal haldır. Ümid edirəm ki, bu il görülən tədbirlər çərçivəsində bu məsələyə diqqət yetiriləcək və Nizami Gəncəvinin heykəli Bərdə şəhərində yenidən ucaldılacaq.