Home Cəmiyyət Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə...

Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək (FOTO)

1314
0
SHARE
Vüsal Qasımlı

Prezident İlham Əliyevin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamların əhəmiyyətinə dair keçirilən mətbuat konfransında deyib.

V.Qasımlı bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.

Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. İcraçı direktor əlavə edib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.

V.Qasımlının sözlərinə görə, imzalanan sərəncamlar minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

İcraçı direktor, həmçinin əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək.