ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) 20 Yanvar faciəsinin 31-cu ildönümünə həsr olunmuş məktub kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda Qara Yanvar faciəsinin səbəbləri, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd hərbi cinayət törətməsi, Bakı faciəsinin Budapeşt (1956) və Praqa (1968) hadisələrini xatırlatdığı barədə ətraflı məlumat verilib.
USAN xatırladıb ki, məhz həmin ağır və mürəkkəb dönəmdə soydaşlarımız bir araya gələrək ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıblar. Şəbəkə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ABŞ-da və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları fəal olmağa, faciəyə aid fotoları, materialları və məktubları aşağıdakı link vasitəsilə vəzifəli şəxslərə və yerli mətbuata ünvanlamağa çağırıblar.