Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Bu gün onu da qeyd etmək istərdim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır.
Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq”.