Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub.
Buna baxmayaraq, biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik. Nəzərə alsaq ki, bizim bu sahədə aparıcı ölkələrlə çox sıx dostluq əlaqələrimiz var və Azərbaycana texnoloji ixracla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqlayıcı addımlar atmalıyıq. Hər zaman öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun və heç vaxt heç kim bizə qarşı hər hansı bir təxribat törətməyə belə cəhd etməsin”.