Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik. Əgər müharibənin gedişatına hər bir mütəxəssis nəzər salsa, görər ki, bizim strateji hədəfimiz nə idi. Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik. Bunun nəticəsində Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsini, Murovdağ yüksəkliyini, Kəlbəcər rayonunun bir hissəsini, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsini və Şuşa şəhərini azad etdik. Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi.