Home Manşet Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran – TƏHLİL

Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran – TƏHLİL

321
0
SHARE

Məlum olduğu kimi 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində böyük zəfərlərə imza ataraq tarixi torpaqlarımızı işğaldan azad etməyə nail oldu. Beləliklə, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atmaqla Ermənistan tərəfi acınacaqlı və dağıdıcı məğlubiyyətə uğradığını rəsmən etiraf etmiş oldu. Onu da deyim ki, əgər işğalçı ölkə bundan sonra da reallığa uyğun davranmasa, revanşist addımlar haqqında düşünsə o zaman Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə baş-başa qalacaq. Çünki müharibədəki acınacaqlı məğlubiyyətin ağır fəsadları hələ ortadadır və bu fəsadları aradan qaldırmaq üçün Ermənistana uzun illər lazımdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, Ermənistanın məğlubiyyət nəticəsində hansı acınacaqlı duruma düşdüyü, həmçinin gələcəkdə bu ölkənin daha ağır sınaqlarla üzləşəcəyi artıq düşmən ölkənin keçmiş və indiki rəsmiləri tərəfindən də bəyan olunur, o cümlədən erməni mətbuatında bununla bağlı silsilə məqalələr verilir:

“Bəlli olduğu kimi müharibədən sonra Ermənistanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Eyni zamanda erməni mətbuatında Paşinyan və komandasının işğalçı dövləti hansı fəlakətlərlə üz-üzə qoyması barədə geniş fikirlərə yer verilir. Həmin yazılarda indiki hakimiyyətin ötən müddət ərzində ölkəni hansı vəziyyətə gətirməsi barədə nəticələr təqdim edilir və qeyd olunur ki, Paşinyan hakimiyyətinin fəaliyyəti nəticəsində ortada məğlub, dağılmış və fəaliyyət qabiliyyəti olmayan ordu qalıb. Həmçinin, bu müddət ərzində minlərlə ailə qazanc yerini itirib, iqtisadi tənəzzül dərinləşib, xarici borc 8 milyard dolları ötüb. Bir sözlə, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, işğalçı ölkədə daxili qarşıdurma pik həddə çatıb. Elə ölkəsinin acınacaqlı durumda olduğunu deyən Ermənistan prezidenti Armen Sarkisyanın KİV-ə müsahibəsində səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqlədi”.

V.İskəndərov qeyd edib ki, həm Armen Sarkisyanın fikirləri, həm də Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryanın ötən ilin noyabrın sonlarında KİV-ə açıqlamasında bəhs etdiyi məqamlar Ermənistanın işğalçılıq siyasəti barədə reallıqları bir daha gün üzünə çıxarıb:

“Xatırladım ki, həmin açıqlamasında Artur Xaçatryan deyib ki, yaxın gələcəkdə Ermənistanda ərzaq təhlükəsizliyi, ilk növbədə çörəyin mövcudluğu, həmçinin qiymət artımı nöqteyi-nəzərindən ciddi problemlər yaranacaq. O, qeyd edib ki, ərzaq təhlükəsizliyi bir zamanlar işğal olunmuş həm Qarabağ, həm də Ermənistan üçün ümumi xarakter daşıyıb. Lakin indi ermənilər Qarabağı tərk edib. Onun sözlərindən bəlli olub ki, birinci təhlükə taxılın mümkün çatışmazlığıdır. Belə ki, Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edib ki, bunun 150 min tonu məhz işğal edilmiş ərazilərin payına düşüb”.

V.İskəndərov bildirib ki, açıqlamasına “Biz Ermənistanda istehsal edilən 75%-dən çox taxıl itirdik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Defisiti xaricdən idxalla doldurmaq lazım gələcək. Nəzərə alsaq ki, ABŞ dollarının məzənnəsi artmağa davam edəcək, onda bizdə çörəyin mövcudluğu və onun qiymət ilə bağlı problem yaranacaq”, – deyən Artur Xaçatryanın bu sözləri bir tərəfdən məğlubiyyətdən sonra işğalçı ölkənin ağır fəsadlara tuş gələcəyi haqqında söylənilənləri təsdiqləyirsə, digər tərəfdən də Ermənistanın parazit xislətindən xəbər verir:

“Mən parazit sözünü təsadüfən işlətmədim. Kimsəyə sirr deyil ki, Ermənistan otuz ilə yaxın müddət işğal altında saxladığı torpaqlarımızın yeraltı və yerüstü sərvətlərini də vəhşicəsinə talan edib. Ermənistandan istehsal edilən taxılın 75%-dən çoxunun, yəni 150 min tonunun işğal edilmiş ərazilərin payına düşməsi işğalçı ölkənin öz taxıl tələbatını bizim torpaqların hesabına təmin etdiyini ortaya çıxarır. Yəni göründüyü kimi işğalçılar uzun illər parazitlərə xas xislətlə həm işğal edilən Azərbaycan torpaqlarında qeyri-qanuni şəkildə məskunlaşıb, həm də sərvətlərimizdən qidalanma mənbəyi kimi istifadə ediblər”.

Deputat əlavə edib ki, Ermənistanın parazit xislətinin qurbanı olan təkcə taxılımız deyil: “Belə ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür, su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazidədir. Eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatı üçün faydalı torpaq sahələri var. İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Məsələn Füzuli rayonu işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayon idi. Həm üzüm, həm taxıl, həm də pambıq istehsalına görə 80-ci illərdə respublikanın öndə gedən rayonlarından idi. Eyni tendensiya Cəbrayıl və Zəngilan rayonlarında da müşahidə edilirdi. Bu ərazilər, o cümlədən Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir.

Xüsusi olaraq diqqətə çatdrımaq istəyirəm ki, bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Məsələn, qızıl ehtiyatlarına görə Kəlbəcər ilk, Zəngilan isə ikinci sıradadır. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən ümumiyyətlə işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yataqları yerləşir. Bundan başqa işğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndində yerləşir. Eyni zamanda Laçın rayonunda tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə rayonda mərmər, əhəng sexləri, 2 daş karxanası fəaliyyət göstərib. Əgər ötən otuz il ərzində bu ərazilərin talançılığa məruz qaldığını nəzərə alsaq o zaman Ermənistanın bu vaxta kimi qeyri-qanuni yolla əldə etdiyi maddi imkanlardan da məhrum olduğu üzə çıxır. Digər tərəfdən görə Ermənistan bu cinayətlərə görə də ölkəmizə maddi təzminat ödəməlidir. Bir sözlə, postmüharibə dövründə Ermənistanı dərin iqtisadi problemlərlə baş-başa qalıb və ondan yeganə çıxış yolu bu ölkənin reallıqla barışması ola bilər”.