Home Manşet Bu Azərbaycanın gələcəyə aydın baxışının olduğunu göstərir

Bu Azərbaycanın gələcəyə aydın baxışının olduğunu göstərir

399
0
SHARE

“Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixi. Tarix həm də dünəndən nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçündür. XX əsrin 90-cı illərinin, yəni müstəqilliyin ilk illəri tariximizin faciəli və fəlakətli dövrünü əhatə edir desək, yanılmarıq. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. Bəli, xalqın suveren iradəsi üzərində yüksələn dövlət siyasəti olmasaydı, bu gün üçrəngli bayrağımızın ən yüksək zirvələrdə, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda qürurla və əzəmətlə dalğalanması mümkün olmazdı. XXI əsrdə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin yazılmasına nail olmazdıq, Vətən müharibəsində zəfər simvoluna çevrilməzdik”.

Bu fikirləri politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, Azərbaycan Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla və möhtəşəm tarixi qələbə qazanmaqla hərbi-siyasi qüdrətini nümayiş etdirdi: “Bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilməyib. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər  Azərbaycan Ordusunun mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar, təbii ki, XXI əsrdə Azərbaycan modeli kimi səciyyələndirilir. İndi isə Azərbaycanın qarşısında yeni tərəqqi dövrü dayanır, yaxud ölkəmiz yeni inkişaf mərhələsinin astanasındadır. Yəni işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, investisiya yatırılması, yeni iqtisadi platformaların yaradılması həm Azərbaycanın funksional iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edəcək, həm də ölkəmizin regional güc mərkəzi kimi dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirəcək”.

İşğaldan azad edilmiş rayonlarda artıq abadlıq-quruculuq işlərinə başlanıldığını diqqətə çatdıran Nurlan Qələndərli əlavə edib ki, ölkə Prezidentinin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərman isə müstəsna əhəmiyyətə malikdir: “Bu, təkcə məqsədyönlü və kompleks islahatların tərkib hissəsi deyil, eyni zamanda, Azərbaycanın gələcəyə aydın baxışının olduğunu göstərir. Ən əsası, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan mülki idarəetmə forması çevik, dinamik və effektiv mexanizm kimi funksionaldır. Eyni zamanda, bu, yeni modern institutdur və gələcək yerli idarəetmə modelidir”.

“Yeri gəlmişkən, dövlətimizin başçısı Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çox mühüm məqamlara toxundu və əhəmiyyətli mesajlar verdi. Eyni zamanda, dövlət başçısı Şuşanın bərpasının daim Onun nəzarətində olacağını və yaxın zamanlarda Şuşanın yenə də öz tarixi simasını bərpa edəcəyini vurğuladı. Təbii ki, Prezident İlham Əliyevin müvafiq göstərişləri əsasında işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa prosesinin aparılması, müvafiq layihələrin reallaşdırılması, strateji əhəmiyyət daşıyır. Çünki qeyd etdiyimiz kimi, bu, həm yeni infrastrukturun yaradılması, ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verilməsi, investisiya axınının təmin olunması kontekstində əhəmiyyətli olmaqla yanaşı, həm də mühüm mənəvi və siyasi önəm kəsb edir”,-deyə politoloq əlavə edib.