Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan onlayn formatda Kollegiya iclası keçirilib.
Komitədən Trend-ə bildirilib ki, Dövlət Gömrük Komitəsinin kollegiya üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Dövlət Gömrük Komitəsində onlayn formatda keçirilən Kollegiya iclasında çıxış edən Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilk olaraq gömrük əməkdaşlarını 30 yanvar peşə bayramı günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi zəfər münasibətilə təbriklərini çatdıran DGK sədri bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək sərkərdəlik qabiliyyəti sayəsində bütün sahələrdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndiriləməsi istiqamətində atdığı düşünülmüş, qətiyyətli addımlar və Azərbaycan əsgərinin rəşadəti Vətən müharibəsindəki qalibiyyətimizi səciyyələndirən əsas amillərdir. Komitə sədri onu da bildirib ki, vətən yolunda canlarından keçərək bizə tarixi zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik.
Komitə sədri bildirib ki, ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulan dayanıqlı inkişaf strategiyasının Prezident İlham Əliyevin reallaşdırdığı innovativ islahatlar hesabına uğurla davam etdirilməsi qısa zaman kəsiyində Azərbaycanı nəinki regionda, beynəlxalq aləmdə nüfuzlu dövlətə, rifahın, sülhün təminatçısı olan ölkəyə çevirdi. Hazırda regionun ən inkişaf etmiş dövləti olan Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və icraçısı, regional sülhün təminatçısı kimi tanınır.
Əldə olunan nailiyyətlərdə gömrük xidmətinin də payı olduğunu vurğulayan Komitə sədri son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük xidmətinin də sürətlə inkişaf etdiyini, innovativ layihələrin tətbiqi hesabına fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarətinin səmərəli təşkili, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, xidmətlərin əlçatanlığının və xüsusilə şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Gələcək hədəflər barədə danışan Səfər Mehdiyev bildirib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, qarşıya qoyulan bütün vəzifələri vicdanla yerinə yetirməkdir.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2020-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr” barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov çıxış edib.
İsmayıl Hüseynov bildirib ki, COVİD-19 pandemiyasının iqtisadiyyatda yaratdığı qlobal problemlərə baxmayaraq gömrük orqanlarının faəliyyətini səmərəli şəkildə qurması nəticəsində büdcə öhdəliyinin yerinə yetirilməsi, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, hüquqpozmaların qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Komitə sədrinin birinci müavini qeyd edib ki, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsi 2020-ci il üzrə nəzərdə tutulan 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin edib və bununla da büdcə öhdəliyinə 102,83 faiz əməl olunub.
2019 ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin ölkəmizin ixrac potensialının artırılmasında, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsində xüsusi rol oynadığını vurğulayan İsmayıl Hüseynov indiyə qədər 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verildiyini bildirib.
İsmayıl Hüseynov 2020-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18913 hüquqpozma faktının aşkar edildiyini bildirib.
O da vurğulanib ki,hesabat dövrü ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub. Ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onlarin 96%-ni daha təhlükəli narkotik vasitə-heroin təşkil edir.
O da qeyd olunub ki, 2020-ci ildə informasiya texnologiyalarının tətbiqi hesabına reallaşdırılan “Smart customs”, “E-customs” kimi layihələr gömrük xidmətlərinin əlçatanlığının, vətəndaş məmnuniyyətinin yüksəlməsinə, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, xarici ticarət iştirakçıları üçün daha münbit biznes mühitinin formalaşmasına öz töhfəsini verib.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhhət Həbibbəyli, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Təyyar İbrahimov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Bundan başqa, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2021-ci il üçün İş Planı” təsdiq olunub.
Daha sonra Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatlarının verildiyi, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri diqqətə çatdırılıb.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
İclasdan sonra peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Vətən müharibəsində iştirak edən gömrükçü qazilərlə görüşüb. Görüşün əvvəlində Vətən Müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazilər qarşısında çıxış edən Komitə sədri Səfər Mehdiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılan zəfər kimi yadda qalacaq. Komitə sədri diqqətə çatdırıb ki, 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən bu qalibiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, uzaggörən siyasətinin və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir.
Səfər Mehdiyev bildirib ki, Vətən müharibəsində iştirak edən gömrükçü qazilər daim Azərbaycan gömrük xidmətinin qürur mənbəyidir və onların keçdiyi şərəfli döyüş yolu həmkarlarına nümunədir. O da vurğulanıb ki, qazilərin sağlamlıq, məişət problemləri daim diqqətdə saxlanılacaq, onların hərtərəfli qayğı ilə əhatə olunması üçün bütün zəruri addımlar atılacaq.
Görüş zamanı döyüşlərdə iştirak edən gömrükçü qazilər xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.
Qeyd edək ki, Vətən müharibəsində 60 nəfər gömrükçü iştirak edib və bir gömrük əməkdaşı Ülvi Hacıyev şəhidlik zirvəsinə ucalıb.