Home Siyasət “Qarabağ” yatağına qayıdırıq, növbəti qayıdış Qarabağdır!

“Qarabağ” yatağına qayıdırıq, növbəti qayıdış Qarabağdır!

418
0
SHARE

 

İti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 17 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək  2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub Qaz Dəhlizi”nin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər  özünün yekun mərhələyə daxil olmuşdur.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub Qaz Dəhlizi” sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu. Bundan sonra da enerji təhlükəsizliyi sahəsində qazanacağımız növbəti uğurlar  xarici və daxili qaragüruhçuların hələ uzun müddət yuxularını ərşə çəkəcək.

Həmin uğurlardan biri də avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması  mərasimində qoyuldu. Cənab Prezidentin qeyd etdiyi kimi, “Qarabağ” yatağının dəniz işlərinə start verildi. Bu yataq müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur.”

“Qarabağ”yatağından  2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. Yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.P

Gələn il isə “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir.  Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Eyni zamanda “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilatın 3-4 dəfə artıq olacağı proqnozlaşdırılır. Bu da ölkəmizin qaz potensialına müsbət təsir göstərəcəkdir.

Bütün bunlardan savayı, “Şəfəq-Asiman” yatağı üzrə də işlər qrafik üzrə gedir, qazma işləri aparılır. Mütəxəssislərin ilkin rəyinə görə, orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd olunur

Sonda Prezident İlham Əliyevin böyük əminliyindən qaynaqlanan fikirlərlə ölkəmizin çağdaş enerji təhlükəsizliyi ilə bağlı təhlilimizi yekunlaşdırırıq: “Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Elman Nəsirov

Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının

Siyasi Araşdırmalar İnstitutunun direktoru,

siyasi elmlər doktoru, professor